Sosial Özəl

“Aqressiv şagirdlərə nəzarət üçün xüsusi sistem qurulmalıdır” — AÇIQLAMA

“Aqressiv şagirdlərə nəzarət üçün xüsusi sistem qurulmalıdır” — AÇIQLAMA

Tovuz rayon Qovlar kənd 2 nömrəli məktəbdə şagirdlər arasında dava olub. Sosial şəbəkədə yayılan xəbərlərdən məlum olur ki, 9 yaşlı qız sinif yoldaşını döyüb, zərərçəkən xəstəxanalıq olub. İddialara görə 2 məktəbli qız günlərdir məktəbdə dalaşır, sonunda isə məktəbdən kənarda belə bir hadisə baş verib.

Şahidlər deyirlər ki, məktəbdə hər gün davadır. Görünən odur ki, müəllimlər, rəhbərlik şagirdlər arasında baş verən neqativ hallarla bağlı tədbir görmürlər. Döyülən qızın valideynləri isə iddia edirlər ki, hadisədən sonra məktəb rəhbərliyi uşaqla maraqlanmayıb.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, məktəb rəhbərliyi təhsil ocağında neqativ halların baş verməməsi, nizam-intizam qaydalarının yüksək səviyyədə qorunması üçün müəyyən addım atmalıdır:

“Bu çərçivədə Bakı məktəblərindəki “Məktəblinin dostu” layihəsi alqışlanmalıdır. Bu layihədə müəyyən şəxslər həm dərs prosesində, həm də dərsdən kənar vaxtda şagirdlərə nəzarət edir, hər hansı neqativ hadisə yaşanırsa, rəhbərliyə məlumat verirlər. Məktəb psixoloqları da münaqişəyə meyilli şagirdləri müəyyən etməli, onlarla işləməli, uşaqlardakı aqressiyanın səbəblərini öyrənməlidirlər. Son illərdə məktəblilərdə aqressiyanın artdığını görürük, bu, internet oyunlarına aludəçilik və bir sıra zərərli vərdişlər səbəbilə ola bilər. Məktəbdən kənarda baş verən hadisənin müəssisə daxilində baş verməyəcəyinə zəmanət vermək olmaz. Şagirdlər müxtəlif səbəblərdən dalaşa bilərlər.

Əsas məsələ odur ki, məktəbdə müəyyən sistem qurulsun ki, bu cür şagirdlərə xüsusi nəzarət təmin olunsun, hadisədən vaxtında xəbər tutulsun və günahkarlar cəzalandırılsın ki, digərlərinə örnək olsun. Məktəbdə baş verən mənfi hadisələr görə sinif rəhbəri, təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor məsuliyyət daşıyır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az