Mediamızın miladının üçüncü ilindəyik, bəli, məhz miladının...
Mətbuatımızın tarixi yeni deyil, lakin məsələ peşəkar prinsiplərə uyğun fəaliyyətdən gedirsə, son üç illik dövrü "miladımız" adlandıra bilərik. Səbəb bəlli, nəticə ortadadır.Üç il öncə - 12 yanvar 2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılması ilə Azərbaycan mediasında bütün istiqamətlər üzrə yeni dövr başladı. Mediada vəziyyət müasir tələbələrə cavab vermirdi, istər qanunvericilik baxımından, istərsə dövlət dəstəyinin peşəkar fəaliyyətə yönləndirilməsi baxımından.
1999-cu ildə qəbul edilən "KİV haqqında" qanun sözün gerçək mənasında ötən əsrdə qalmışdı və əsasən çap mediasını əhatə edirdi. Bu, onlayn medianın tənzimlənməsində problemlər yaradırdı, belə demək mümkünsə, onlayn media havadan asılı vəziyyətdə qalmışdı.
Bununla yanaşı, dövlətin mediaya dəstəyini həyata keçirən KİVDF əsasən çap mediasını əhatə edirdi, beləliklə, onlayn media məcazi mənada desək, “atılmış uşağa” bənzəyirdi. Halbuki, müasir media məhz onlayn fəaliyyət üzərində qurulub, bunun fonunda çap mediasının cəmiyyətin informasiya təminatı və ictimai rəyə təsir imkanları minumuma enib. Bu, təkcə Azərbaycanda yox, dünyada belədir. Azərbaycan kimi əhalisinin sayı çox olmayan ölkələrdə çap mediasının informasiya təminatınmda arxa plana keçməsi daha sürətlə baş verdi, eyni sürətlə onlayn media önə çıxdı.
Bu reallıqlar fonunda Azərbnaycan mediasında vəziyyət ötən əsrdən qalma situasiyanı xatırladırdı. Beləliklə, dövlətin mediaya dəstəyi bütün sahəni tam əhatə etmir, onlayn medianın dəstəkdən kənarda qalması isə müasir texnologiyaların və innovasiyaların tətbiqini çətinləşdirirdi. Ən mənfi məqam isə onlayn medianın həm qanunvericilik, həm dəstək baxımından “havadan asılı” qalması qeyri-peşəkarların, xüsusilə “reket jurnalistlərin” bura axın etməsinə, belə demək mümkünsə, “at oynatmasına” şərait yaratmışdı. Bütün bunların fonunda dövlətin mediaya dəstəyi üzərində ciddi maxinasiyaların olması faktı da mediamızı sözün gerçək mənasında şikəst etmişdi.
Medianın İnkişafı Agentliyinin yaradılması mediadakı eybəcər mənzərənin aradan qaldırılmasının başlanğıcı oldu. Ümidlər böyük idi, xüsusilə illərdir mediadakı qrup maraqlarının arxa plana itələndiyi peşəkar jurnalistlərin gözləntiləri vardı. Medianın İnkişafı Agentliyinin son üç illik fəaliyyətinə nəzər yetirdikdə bütün gözləntilərin, ümidlərin doğrultduğunu əminliklə deyə bilərik. 
Dövlət dəstəyinin əsas məqsədi medianın maddi-texniki bazasının gücləndirilməsi olub. Lakin etirtaf edilməlidir ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasına qədər dövlət dəstəyinin bölgüsündə ədalətsizlik hökm sürür, peşəkarlığa yox, qrup maraqlarına üstünlük verilirdi. Bu bir tərəfdən medianın inkişafının qarşısını alır, digər tərəfdən media və dövlət arasında uçurum yaradırdı. Medianın İnkişafı Agentliyi bu ədalətsizliyi aradan qaldırdı və dövlət dəstəyinin bölünməsində iki mühüm prioriteti önə çıxardı.
Birincisi, MEDİA “oliqarxlaşma” sistemini darmadağın etdi. Əvvəlki dövrdə mediada “oliqarxlaşmanın” olduğu sirr deyil və müxtəlif mənbələrdən maliyyələşən media orqanlarının dövlət dəstəyindən də “aslan payı” olurdu. Beləliklə, dövlət dəstəyi mediaya gəlib çıxmır, “yoxa çıxırdı. Medianın İnkişafı Agentliyi bunu sıradan çıxardı və dövlətin mediaya dəstəyinin təyinatı üzrə istifadəsini təmin etdi.
İkincisi, daha az təminatı olan media subytektlərinə üstünlük verildi.
Maliyyə imkanlarının olmaması, daha doğrusu, dövlət dəstəyinin gəlib çatmadığı redaksiyalar “ölümlə” üz-üzə qalmışdı. Bu vəziyyət mediamızın ümumi “kliniki ölümü”nə səbəb olurdu. Bir tərəfdən, peşəkarlıq azalır, digər tərəfdən, təminatı olmayan peşəkar jurnalistlər mediadan uzaqlaşırdı. Agentlik bu vəziyyəti aradan qaldırdı.
Medianın İnkişafı Agentliyinin müsabiqələrinin nəticələrinə nəzər yetirdikdə bunu aydın görmək mümkündür.
Peşəkar fəaliyyət...
Medianın İnkişafı Agentliyi üç il ərzində medianın peşəkarlaşmasına mühüm töhfələr verib:
- Peşəkar medianın dəstəklənməsini həyata keçirib.
- Maliyyə ayrılan media orqanlarının yaradıcı fəaliyyətinə heç bir müdaxilə baş vermir, halbuki, əvvəlki dövrdə vəziyyət ürəkaçan deyildi.
- Media ilə yanaşı, fərdi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də mühüm addımlar atıb. Bura həm treninq və seminarların keçirilməsi, həm də fərdi yaradıcılıq fəaliyyətinin dəstəklənməsi daxildir.

Jurnalistlərə dəstək...
Sirr deyil ki, Azərbaycan mediasında jurnalistlərin sosial müdafiə təminatı uzun illər olmayıb. Medianın İnkişafı Agentliyi bu problemi kökündən həll etdi. Maliyyə yardımı ayrıılan redaksiyaların qarşısında əsas öhdəlik əməkdaşlarının fəaliyyətinin rəsmiləşdirilməsidir və bu, həm sosial müdafiə təminatına imkan yaradır, həm də daha yüksək əmək haqqı almaq imkanlarını genişləndirir.
MEDİA Reyestrinin yaradılması da peşəkarlaşma prinsipi baxımından əhəmiyyətli addımdır və ilk növbədə jurnalistlərin sosial təminatına geniş imkanlar yaradır. Belə ki, Medianın İnkişafı Agentliyinin təklifləri əsasında Prezident İlham Əliyev jurnalistlərə güzəştəli ipotekanın verilməsi haqda Fərman imzalayıb. Bu fərmanla gənc ailənin üzvü olan, ən azı 5 il jurnalist işləyən və MEDİA Reyestrinə daxil edilmiş şəxslər, eləcə də gənc ailə olmayan, lakin ən azı 15 il jurnalist işləyən və MEDİA Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka şərtlərindən yararlana bilər. Bununla media sahəsində çalışan hər kəs şərtlərə uyğun mənzil sahibi ola biləcək.
“Reket jurnalistika”ya qarşı prinsipial mübarizə...
Medianın İnkişafı Agentliyinin faliyyətə başlamasından sonra “reket jurnalistlərin” sıradan çıxdığı aydın şəkildə müşahidə edilir. Bununla bağlı Agentliyin ən böyük addımlarından biri “Media haqqında” qanmunun hazırlanması oldu. Bu qanunun qəbul edilməsinin iki mühüm önəmi var.
Birincisi, onlayn medianın qanunvericiliklə tənzimlənməsi bu sahənin “havadan asılı vəziyyətdə” qalmasını aradan qaldırdı.
İkincisi, qanunla tənzimlənmə prosesi çap mediasından onlayn mediaya axın edən “reket jurnalistləri” sıradan çıxardı.
Nəticə etibarilə, bu gün Azərbaycan mediası daha peşəkar, daha şəffaf şəkildə fəaliyyət göstərir və həm cəmiyyətin informasiya təminatında öz missiyasını peşəkar şəkildə həyata keçirir, həm də dövlət maraqlarının müdafiəsinə mühüm töhfə verir. Bütün bu nəticələr məhz son üç ildə - Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra əldə olunub. Artıq Azərbaycan mediası daxili ictimai rəyə belə təsir edə bilməyən geridə qalmış media deyil. Beynəlxalq müstəviyə çıxan, təkcə ölkənin yox, regionun və dünyanın ictimai rəyinə təsir etmək, Azərbaycan haqqında doğru informasiyanı çatdıra bilən mediadır.
Bu baxımdan, Medianın İnkişafı Agentliyinin fəaliyyətini “3 ilə sığan bir qərinə” adlandıra bilərik. Çünki MEDİA 30 ilə yaxın bir dövrdə mediamızda yaranan, yığılıb qalmış problemləri cəmi üç il ərzində aradan qaldırmağı bacardı!
Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru


