Gündəm Özəl

Bakı Dövlət Sirkinin binasının acınacaqlı vəziyyəti ilə bağlı nazirlikdən AÇIQLAMA

Bakı Dövlət Sirkinin binasının acınacaqlı vəziyyəti ilə bağlı nazirlikdən AÇIQLAMA

Ötən gün Respublika Perinatal Mərkəzində baş verən yanğın Bakı Dövlət Sirkinin binasının acınacaqlı vəziyyəti ilə bağlı məsələni yenidən aktuallaşdırıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sirkində tədbirlərin keçirilməsinin təhlükəli olduğu haqda rəsmi xəbərdarlığı var. Bildirilib ki, sirkin binasında təhlükəsizlik standartlarına əməl edilmir.

Maraqlıdır, nöqsanların aradan qaldırılması istiqamətində niyə tədbirlər görülmür?

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib. Baxış zamanı sözügedən binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub:

“Məlum olduğu kimi, teatr və konsert müəssisələrinin təmir və bərpası dövlət tərəfindən diqqətdə saxlanılır, tamaşaçıların mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi üçün işlər görülür. Mədəniyyət müəssisələrində, xüsusilə kütləvi nümayiş məkanlarında tamaşaçıların təhlükəsizliyi isə ən vacib məsələdir”.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir:

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”.

Xatırladaq ki, unikal memarlığa malik Bakı Dövlət Sirkinin binası 1967-ci ildən fəaliyyət göstərir.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az