Sosial Özəl

Robotlaşan insanlıq: “Laboratoriyada uşaq yaradılması prosesinə çoxdan başlanılıb”

Robotlaşan insanlıq: “Laboratoriyada uşaq yaradılması prosesinə çoxdan başlanılıb”

Sosioloq Elçin Bayramlı feysbuk hesabında biorobotların yaradılması barədə yazıb. Onun sözlərinə görə bu, bəşəriyyəti məhvə sürükləyir:

“Şükür, daha bu tənbəl bəşəriyyət üçün uşaq dünyaya gətirmək əziyyəti də aradan qalxacaq. 30-40 min verib “zakaz” edəcəksən, zavodda uşaq düzəldib verəcəklər sənə. Ana südü əvəzinə də süni yemək “zakaz” verərsən, gətirəcəklər evə. Al, sənə hazır biorobot, daha nə istəyirsən?”, - o qeyd edib.

Mövzu barədə Demokrat.az-a danışan ekspert bunun gələcəkdə səbəb ola biləcəyi problemləri dilə gətirib:

“Təəssüf ki, elm və texnologiyanın inkişafı özü ilə bərabər ciddi problemlər də gətirir. Problem elmdə deyil, elmin kimin əlində olması ilə bağlıdır. Nəzərdən keçirsək, görərik ki, müasir texnologiyaların arasında eləsi yoxdur ki, təbiətə, canlılara, insanlara zərəri olmasın. Texnologiya inkişaf etdikcə bütün bəşəriyyət təbii fitrətindən çıxır. Təbii bioloji qanunlar pozulur, dünya eko-sistemi darmadağın olur, təbii sərvətlər vəhşicəsinə istismar edilir, təbii fəlakətlər artır, xəstəliklərin sayı-hesabı itib. Heç bir mənəvi dəyərlərə əhəmiyyət verilmədən elmi-texniki tərəqqinin sürətləndirilməsi dünyanı məhvə aparır. Süni intellekt insanlığın düşməninə çevrilir, bizim əvəzimizə qərar verir”.

E.Bayramlı deyib ki, laboratoriyada uşaqların yaradılmasına gəlincə isə bunun ilkin əlamətləri çoxdan var:

“İki belə uşaq artıq bir neçə il əvvəl Çində yaradılıb. İndi texnologiya proqramlaşdırılmış insan yaratmağa imkan verir, bir növ biorobot deyə bilərik buna. Bu, insan sivilizasiyasının sonunu gətirə bilər. Ona görə də bəzi alimlər bizi son insan nəsli adlandırır, bundan sonra biorobotlara keçid başlayacaq. Müxtəlif vasitələrlə insan beyninə informasiyaların yüklənməsi və ya robotun beyninə insan beyninin yüklənməsi nəzərdə tutulur. Məsələn, Rusiyada həyata keçirilən “Avatar-2045” layihəsi – onu göstərir ki, yaxın 15-20 ildə dünyada necə dəhşətli proseslər baş verəcək. Artıq insanlara ehtiyac qalmayacaq, bütün xidmət sahələrində robotlar işləyəcək. Son elmi məlumatlarda qeyd olunur ki, kişilərin sperma sayında kəskin azalma var, qadınlarda da ana olmaq qabiliyyəti aradan qaldırılır. Hisslərdən məhrum edilmiş robotik varlıqlara keçid dövrü başlayır. Bunun qarşısını almaq üçün insanlıq mənəvi dəyərlər üzərində qurulmuş bir sistemə keçid etməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova