Milli Məclisin sabiq deputatı Sona Əliyevanın fikrincə sertifikasiya imtahanının nəticələrinə uyğun müəllimlərə verilən əməkhaqqının fərqləndirilməsi ədalətsizlikdir. Təhsil eksperti “AzEdu.az” portalına açıqlamasında təkliflə çıxış edib. O qeyd edib ki, müəyyən bir səviyyə olmalıdır, o səviyyədən aşağı nəticə göstərən müəllimlərin nəticələri qeyri-məqbul sayılmalı, yuxarı nəticə göstərənlərdə isə əməkhaqqı artımı standart olmalıdır.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında təklifə münasibət bildirib. Bildirib ki, əməkhaqqıya artımlarla bağı qüvvədə olan qərara dəyişiklik edilməlidir:
“Bildiyiniz kimi sertifikasiya imtahanlarında 30-50 bal toplayan müəllimlərin əməkhaqları 10 faiz, 51-60 arası bal toplayanlarınkı isə 35 faiz artırılır. Düşünürəm ki, artımların bu cür olması doğru deyil. 30 bal toplayan müəllimlə 50 bal toplayan müəllimin eyni qədər artım alması ədalətsiz yanaşmadır. Təklif edirik ki, 30-39 bal toplayan müəllimlərin əməkhaqqısı 10 faiz, 40-49 bal toplayanlarınkı 25 faiz, 50-60 bal toplayanların əməkhaqqısı isə 35 faiz artırılsın. Bu həm də müəllimlərə stimul verəcək. Buna diferensiallaşmış əməkhaqqı sistemi deyirik, amma bu, əslində, müəllimin nəticələrinə görə olan əməkhaqqı sistemi deməkdir. Diferensiallaşmış əməkhaqqı sistemində təkcə sertifikasiyada toplanan bal deyil, eyni zamanda müəllimin olimpiadalarda, Elm və Təhsil Nazirliyinin layihələrindəki uğuru, şagirdlərinin ayrı-ayrı layihə və yarışlardakı nailiyyətləri də nəzərə alınır və bunların hər birinə görə əməkhaqqında artımlar edilir.
Hesab edirəm ki, sertifikasiyaya görə əməkhaqlarında artımlar barəsində Nazirlər Kabinetinin 30 avqust 2022-ci il tarixli 231 saylı Qərarında müvafiq dəyişikliklər aparılmalıdır. Məktəb direktoru və direktor müavinlərinin də sertifikatlaşdırılması prosesi sürətlənməlidir”.
Törə Zeynallı Demokrat.az


