Gündəm Özəl

“Dəmir yollarında piyada keçidləri olmalıdır” — Ekspert

“Dəmir yollarında piyada keçidləri olmalıdır” — Ekspert

“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları” təsdiq edilib. Nazirlər Kabinetinin qərarına əsasən qaydalar ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında, dəmiryol stansiyalarında, sərnişin platformalarında, dəmiryol hərəkət tərkiblərində, həmçinin dəmiryol nəqliyyatının qatarların hərəkəti və manevr işləri ilə əlaqəli olan digər obyektlərində vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması qaydalarını müəyyən edir, fiziki şəxslərə, o cümlədən dəmiryol nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərə, habelə fəaliyyətləri dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında obyektlərin yerləşdirilməsi və işlərin aparılması ilə əlaqəli olan fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir. Qaydalarda nəzərdə tutulmuş tələblər dəmiryol nəqliyyatı infrastrukturu obyektlərində, “Azərbaycan Dəmir Yolları” QSC-nin internet səhifəsində, habelə məqsədəuyğun hesab edilən digər əlçatan və oxunması mümkün olan yerlərdə yerləşdirilir.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, mühafizə olunmayan ərazilərdə bədbəxt hadisələrin baş verməməsi üçün qaydalara riayət edilməlidir:

“Dəmir yollarında piyada keçidləri olmalıdır” — Ekspert
“Hansı ərazilərdən vətəndaşlar mütəmadi gedib-gəlirsə, həmin yerlərdə piyada keçidləri, yerüstü keçidlər olmalıdır. Dəmir yollarında piyada keçidlərinin salınması daha ucuz başa gəlir. Müvafiq infrastruktur yaradılarsa, insanların təhlükəsizliyi də təmin olunar. Dəmir yollarının kənarları haşiyəyə alınıb, xüsusi dəmir yolları əraziləri müəyyən edilib, insanların keçidi mümkün deyil. Bakı-Sumqayıt istiqamətində stansiyalarda da təhlükəsizlik tədbirləri görülüb. Amma açıq və az istifadə olunan dəmiryolu xətlərinin əraziləri və yaşayış məntəqəsinin daxilindən keçən xətlər təhlükəyə səbəb ola bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova