Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qəbul imtahanlarında yüksək nəticə göstərənlər içərisində qızlar üstünlük təşkil edir. Belə ki, bakalavr dərəcəsi üzrə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 51 faizi qızlar olub.
Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Cahid İmanlının sözlərinə görə burada əsas amillərdən biri valideyinlərin oğlan uşaqlarının hərbi xidmətə getməyini müəyyən müddətə yubatmaq üçün onları "məcburi" oxutdurmasıdır:
"Bu zaman oğlan abituriyentlərin əsas məqsədi yüksək bal toplamaq, reytinqli, prestijli ixtisaslara daxil olmaq deyil, sadəcə hansısa ali məktəbə daxil olmaqdır. Yəni əslində hərbi xidmət amili olmasaydı, nəinki yüksək bal toplayan oğlanlar, əksinə ali məktəbə sənəd verən oğlan abituriyentlərin sayı belə kəskin şəkildə az olardı. Məhz elə buna görə də universitetdən məzun olan oğlanların çoxu bitirdiyi ixtisas üzrə işləmək istəmir, daha doğrusu onlar bu ixtisasları nə arzulayıb, nə də özlərini bu peşədə görüb, nə də oxuduqları zaman bu peşəyə yiyələniblər.

Digər bir səbəb cəmiyyətimizdə qız və oğlanların sosial statusu ilə bağlı ola bilər. Ailədə mühafizəkarlığa görə qızların daha məsuliyyətli olması, onlara nəzarətin daha çox olması da bu faktora təsir edən amillərdən ola bilər".
Törə Zeynallı Demokrat.az


