Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" beynəlxalq elmi-praktiki konfransda bildirib ki, məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. O qeyd edib ki, bununla bağlı UNİCEF-lə əməkdaşlıq edilir: "Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar, əsasən, kəndlərdə təşkil olunacaq". Nazir onu da əlavə edib ki, hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur.
Yeni modellərin tətbiqini dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, təhsilin digər qollarında olduğu kimi məktəbəqədər təhsil sahəsində də mərhələlilik prinsipi pozulur:
“Bu ilin yazında monitorinq aparıldı, 11300 tərbiyəçi müəllimin 8000-dək üzvünün diplomu olmadığı aşkarlandı. Demək neçə illər ərzində onlar bizim övladlarımızı təlim-tərbiyə ediblər, əgər belə demək mümkündürsə. Bağçalarla bağlı görüləsi n qədər iş var. Biz hələ buna alternativ modellərin tətbiqinə tələsməməliyik. Çox məsələdə tələsdik, amma xeyirini görə bilmədik. Məktəbəqədər təhsillə bağlı yeni modellərin tətbiqi əlbəttə gözəldir, amma bu, məktəbəqədər təhsilin yüksək inkişaf etdiyi ölkələrdə effekt verə bilər. Bu ölkələrdə istər dövlət, istər özəl bağçalar oturuşmuş qaydalarla vahid proqram əsasında fəaliyyət göstərir. Ölkəmizdə əvvəla tərbiyəçilərin formalaşması ilə bağlı vəziyyət təhlil edilməlidir, onların bilik və bacarıqlarının artırılması üçün müəyyən təkliflər paketi hazırlanmalıdır, inkişafı üçün əlavə hazırlıq vəsaitləri tərtib edilməlidir”.
Ekspert qeyd edib ki, bağçalara işə qəbul da eynilə MİQ imtahanı kimi keçirilir. Bəzi hazırlıq kurslarında isə bağça müəllimlərinə ibtidai sinif proqramı keçilir:

“Bunlar tamamilə fərqli istiqamətlərdir. Bu kateqoriya üçün vahid təsdiqlənmiş ədəbiyyat lazımdır. Sinqapur, Danimarka, Kanada, Yaponiya bağçalarında müasir fərqli metodlar tətbiq olunur. Məsələn, Sinqapurda məktəbəqədər təhsil müəssisəsi uşağı düşüncəli insan kimi formalaşdırmalı, ona məsələlərə estetik və yaradıcı münasibət göstərməyi öyrətməlidir. Həyata pozitiv baxmaq, müəyyən hadisələri bir-birinə bağlamaq, müqayisə etmək bağça tərbiyəsində başlıca prinsiplərdəndir. Təbii ki, bu keyfiyyətlərə sahib uşaq məktəbə tam hazır vəziyyətdə gedəcək. Bizim bağçalar bu qabiliyyətləri uşaqlara öyrətmək gücündədirmi?! Tələsməməliyik. Yeni modellər onsuz da zamanla olacaq. Mövcud problemlər həll edilməmiş alternativ modellərin tətbiqi uğurlu olmayacaq”.
Törə Zeynallı Demokrat.az


