Sosial Özəl

Sosioloq: “Ana bətnində olan körpənin yaşamaq hüququ tanınmalıdır”

Sosioloq: “Ana bətnində olan körpənin yaşamaq hüququ tanınmalıdır”

Səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib ki, regionlarda selektiv abortlarla bağlı atalarla maarifləndirmə işləri aparılır və rəqəmlərdə bunun müsbət dinamikasını görmək mümkündür.

Selektiv abortlar kimin diqtəsi ilə reallaşır – ataların, yaşlı nəslin, yoxsa, cəmiyyətin?

Sosioloq Üzeyir Şəfiyev deyib ki, tarixən ənənəvi cəmiyyət olduğumuz üçün, patriarxal təfəkkür üstünlük təşkil edib.

Bu mövzuda Demokrat.az-a danışan ekspertin sözlərinə görə, oğlan uşaqlarına üstünlük verilməsinin səbəbi müxtəlif dövrlərdə baş vermiş müharibələrdən qaynaqlanıb:

“Qız çox xərc tələb edən övlad sayılardı, varis, miras məsələsində də oğlanlara üstünlük verilirdi. Lakin həmin dövr arxada qalıb. Artıq elə bir zamanda yaşayırıq ki, bu stereotiplərin üstündən xətt çəkilir. Düzdür, bəzi bölgələrdə, kəndlərdə hələ də oğlan övladı ilə qız övladı arasında fərq qoyulur, amma bununla belə cəmiyyətimiz inkişaf mərhələsini yaşayır.

Güman edirəm ki, yaxın gələcəkdə artıq selektiv abort problemi yaşamayacayıq. Ailə planlamasında, fəlsəfəsində dəyişikliklər baş verir. Gənc ailələr ayrı yaşamağa üstünlük verir, çox uşaqlı ailələrin sayı azalır, üç uşaqlı ailələrə nadirən rast gəlirik. Xüsusilə ilk uşağı abort etmək mümkün olmadığından ilk övlad qız olarsa, onun yaşama şansı var deməkdir. Yaxın və orta gələcəkdə yeni doğulanların cins nisbətində dəyişiklik olacağı qənaətindəyəm. Buna görə də hesab edirəm ki, BMT-nin 2050-ci ildə Azərbaycanda oğlan-qız uşaqlarının nisbəti ilə bağlı proqnozu özünü doğrultmayacaq”.

Ekspertin fikrincə, yaşlı nəsil arasında da maarifləndirmə işlərinin aparılmasına ehtiyac var:

“Bu məsələ təkcə gəncləri və ya yeni ailə quran cütlükləri əhatə etməməlidir. Etiraf edək ki,kənd yerlərində hələ də yaşlılar cavan ailənin işlərinə, qərarlarına müdaxilə edir. Onlara izah etmək lazımdır ki, artıq dövr dəyişib, övladın oğlan və ya qız olmasınınsa zərrə qədər fərqi yoxdur, əsas olan cəmiyyətə, ölkəyə fayda verəcək vətəndaş yetişdirməkdir.

Ü.Şəfiyev onu da əlavə edib ki, körpənin ana bətnində ikən yaşamaq hüququ tanınmalıdır:

“Hələ ana bətnində olan körpənin vərəsəlik hüququ tanınır, lakin yaşamaq hüququ tanınmır. Yaxşı olar ki, yaşamaq hüququ da tanınsın. Abort məsələsində də ana əsas götürülür. Ananın sağlamlığı təhlükə altındadırsa, ailənin maddi-sosial çətinlikləri varsa, hamiləliyi müəyyən həftələrə qədər sonlandırmağa qanunla icazə verilir.

Yaxşı olar ki, abort barədə hüquqi tənzimləmələr təkmilləşdirilsin. Sosioloji müşahidələr onu göstərir ki, abort etdirən qadın həyatının sonuna kimi vicdan hissi ilə yaşayır, özünü günahkar hesab edir. Mövcud qanunvericilik uşaq dünyaya gələnə qədər cinsiyyətinin açıqlanmasını qadağan edir. Bu qanuna əməl edilməsinə nəzarəti artırmaq lazımdır, monitorinqlər aparılmalıdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az