Bakının Xətai rayonunda 1996-cı il təvəllüdlü Fərid qisqanclıq zəminində yaranan münaqişə zamanı sevgilisi Ayana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fərid birgə yaşadıqları evdə Ayan ilə şəxsi münasibətlər zəmində mübahisə edib.
Aralarında yaranmış münaqişə zamanı qəsdən Ayanın baş nahiyəsinə yumruq zərbəsi vurmaqla onu döyüb.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ildə Ayan ilə tanış olub və bu tanışlıq nəticəsində qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşayıblar: “Bu müddət ərzində bütün ailələrdə olduğu kimi mənim də ailəmdə qısqanclıq nəticəsində söz-söhbət, narazılıq olub. Hadisə baş verən günü, təxminən saat 20.00-da qonşumuz məndən telefon adapteri istədi ki, telefonu cǝrəyana qoyub, sonra qaytarsın. Mən də evə gedib telefon adapterini götürmək istədim. Bu zaman Ayan başlığı aparmağıma etiraz etd. Bu səbəbdən ona erməni dedim. Ayan isə mənə “sən özünsən erməni” deyə cavab qaytardı. Bu sözdən əsəbiləşərək özümü saxlaya bilmədim. Yumruqla Ayanın baş nahiyəsinə vurdum”.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


