Kriminal Özəl

Cəlilabadda 22 yaşlı oğlan qardaşı arvadını döydü — TƏFƏRRÜAT

Cəlilabadda 22 yaşlı oğlan qardaşı arvadını döydü — TƏFƏRRÜAT

Cəlilabad rayonunda 2001-ci il təvəllüdlü Mətn ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 12-də Cəlilabad rayonunun kəndlərindən birində baş verib.

Mətn yaşadıqları evdə qardaşının arvadı Sevda ilə aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı əli ilə onun sifət və bədənin müxtəlif nahiyələrinə qəsdən vurub.

Hadisəni törədən Mətnin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Sevda onun qardaşı Nadirin arvadıdır:

“Qardaşı ailə qurduqdan sonra birlikdə ata evində yaşayırlar. Mayın 12-də, günorta saatlarında yaşadığım evdə olan zaman qardaşım arvadı ilə aramızda sözlə mübahisə yarandı. Bundan əsəbiləşərək əlim ilə onun sol göz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyəsinə vuraraq ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə qısa müddət ərzində baş verib:

“Hadisə zamanı orada başqa heç kim olmayıb. Qardaşım evə gəldikdən sonra arvadı ilə aramızda dava dalaş olduğunu bildikdən sonra onu avtomobilinə əyləşdirib, onun valideynlərinin yaşadığı kəndə aparıb”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, mayın 12-də, günorta saatlarında yaşadığı evdə olan zaman qaynı Mətn onunla mübahisə edib, əli ilə onun sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirib:

“Sonradan həyat yoldaşım yaşadığımız evə gələrək məni həmişəki kimi günahlandırdı və avtomobilinə əyləşdirərək valideynlərimin yaşadığı kəndə apardı. Mayın 13-də Cəliabad rayon polis şöbəsinə gedərək və hadisə ilə bağlı ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Mətn aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az