“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçığı ilə ”Mədəni irsin qorunması” proqramı çərçivəsində təlim keçirilib. Şirvanşahlar Sarayı Kompleksində baş tutan təlim milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması mövzusuna həsr olunub. Təlim zamanı İçərişəhərin qədim adət-ənənləri, sakinlərinin həyat tərzi, etnoqrafiyasından söhbət açılıb.
Təlimdə çıxış edən əməkdar mədəniyyət işçisi Mələk Xanım Hacıyeva Demokrat.az-a açıqlamasında deyib ki, müzakirələr zamanı toxunulan məsələlər milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq:

“İçərişəhər tariximizin mühüm parçasıdır. Burada uzun əsrlərdən bu günümüzə gəlib, çatmış tarixi abidələrimiz, təkrarsız mədəniyyət nümunələrimiz qorunur. Tarixi abidələrimiz bərpa olunur, bununla da İçərişəhər öz qədim simasını qoruyub, saxlayır. Bu tarixi məkan açıq səma altında muzeydir. Dünyada belə muzeylər çoxdur, lakin İçərişəhərin əsas özəlliyi odur ki, burada həm də yaşayış davam edir, qədimdə olduğu kimi bu gün də insanlar məskunlaşıb. Sakinlər bir növ İçərişəhəri qorumuş olurlar, adət-ənənələrini, etnoqrafiyasını yaşadır, unudulmağa qoymurlar.
İçərişəhər sakinlərinin evlərində hələ də qədim əşyalar qalmaqdadır, onlar yaxşı qorunur. Mən onları “danışan əşyalar” adlandırardım. Bu “danışan əşyalar” İçərişəhərin o vaxtkı yaşam tərzindən, toy mərasimlərindən xəbər verir. Yaratdığım “Şəcərə Muzeyi”ndə də bu əşyalar sərgilənir. Muzey yerli və xarici turistlərin, qonaqların böyük marağına səbəb olur. Hazırda Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhərim” adlı sərgi davam edir. İçərişəhər sakinlərinin qədim dövrlərdə istifadə etdiyi məişət əşyaları, geyim, dekorativ ev əşyaları və digər maraqlı nümunələrlə tanış olmaq üçün gözəl fürsətdir deyə düşünürəm”.






Törə Zeynallı Demokrat.az


