Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan iclasında iştirak etməyəcək.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə apardığı telefon danışığı zamanı iclasda iştirak etməyəcəyini deyib. Paşinyan bundan əvvəl MDB-nin Bişkek sammitinə də qatılmayıb.
Politoloq Natiq Mirinin sözlərinə görə, Paşinyan bariz şəkildə Ermənistanın Rusiya əvəzinə Qərbə inteqrasiya xətti götürdüyünü təsdiqləyib. O, Demokrat.az-a açıqlamasında deyib ki, Rusiya da öz növbəsində buna qarşı adekvat addımları nə zaman atacağı ilə bağlı hansısa planlar qurmuş ola bilər:
“Ermənistan Rusiyanın nüvəsi olduğu qurumlardan uzaqlaşmaq və prosesdə iştirakdan tamamilə imtina etməklə bərabər, Qərbə inteqrasiya xəttini gücləndirmək, xüsusilə də hərbi təhlükəsizliyini təmin etmək üçün yeni çətir axtarışındadır. Bu məsələdə Ermənistanın Fransa, ümumilikdə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq etdiyi də görünür. Ermənistanda tək təhlükəsizlik sahəsində deyil, Rusiyanı digər sahələrdə də əvəz etməyə ehtiyac var - ticarət, iqtisadiyyat, enerji təchizatı və digər məsələlər. Çünki iqtisadiyyatın əksər sahələrində nəzarət paketi Rusiyanın əlindədir. Rusiya şirkətlərinin Ermənistandan sıxışdırılmağa başlandığını artıq görə bilərik. Paşinyan Qərbdən gələn təklifləri dəyərləndirməyi düşünür”.

Ekspert qeyd edib ki, ictimai rəydə də Ermənistanın Rusiyadan gedərək uzaqlaşdığı öz təsdiqini tapır:
“Gallup”un keçirdiyi sosial sorğunun nəticələrində Rusiya 4-cü yerdədir. Ermənistan cəmiyyəti Fransaya daha çox güvənir, sorğuda 41 faiz səslə birinci yerdə qərarlaşıb. Rusiya bu barədə Hindistan və İrandan sonra gəlir. Erməni ictimai rəyində Rusiyanın mövqeyi həddən artıq zəifləyib, bu, siyasətdə də öz əksini tapır”.
Törə Zeynallı Demokrat.az


