Sosial Özəl

İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)

İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)

Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər sakinlərinin eksponatlarından ibarət sərgi keçirilir.

Demokrat.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan “İçərişəhərim” adlı sərgi özünəməxsusluğu ilə seçilir. Sərgidə nümayiş olunan yüzdən artıq eksponatdan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, qadın aksesuarları, dini əşyalar, sənədlər və fotolar var.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə sərginin keçirilməsində məqsəd İçərişəhər sakinlərinin soykökündən gələn dəyərləri və onların tarixini ictimaiyyətə nümayiş etdirmək, milli ənənələrimizi yaşatmaq və tanıtmaqdır.

İçərişəhər sakini Təranə Rzayeva Demokrat.az-a sərgi ilə bağlı təəssüratlarını bölüşüb:

“Sərgidə ana nənəm Seyidnisə Mirismayıl qızından yadigar qalan müxtəlif mis qablar, tirmə, boxça, xalça, sandıq və anamın bibisi Məşədi Gülgəzin arxalığı nümayiş olunur. Bu əşyalar evimizdə çox yaxşı saxlanılıb, qorunub. Həmçinin ata nənəm Dürrətir Məşədi Abdulla qızından qalan Qurani-Kərim də ailəmizə məxsus qədim əşyalar arasından sərgi üçün seçilib. Sərgi içərişəhərlilərin məişətini, həyat tərzini əks etdirir. Sərgidə İçərişəhərin məşhur ailələrinin qədim əşyaları nümayiş etdirilir. Bir ay boyunca ailəlikcə sərgi ilə tanış olacağıq. Maraqlı və dəyərli eksponatlar var. Düşünürəm ki, sərgi tarixlə maraqlanan şəxslərin də diqqətini cəlb edəcək. Qoruq tərəfindən bu cür layihələrin keçirilməsi İçərişəhər və sakinlərinə, ümumilikdə tariximizə və mədəniyyətimizə böyük diqqətdir”.

Qeyd edək ki, “İçərişəhərim” sərgisi noyabr ayının 30-dək muzey ziyarətçiləri üçün açıq olacaq. Giriş sərbəstdir.

İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)
İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)
İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)
İçərişəhərdə unikal sərgi — Sakinlərin qədim əşyaları nümayiş olunur (FOTOLAR)
Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova