İqtisadiyyat Özəl

Azərbaycanla Qazaxıstan arasında bu sahələrdə ticarət əlaqələri qurula bilər

Azərbaycanla Qazaxıstan arasında bu sahələrdə ticarət əlaqələri qurula bilər

Qazaxıstan Azərbaycana qeyri-əmtəə mallarının tədarükünü 300 milyon dollar artıra bilər.

Demokrat.az xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Azərbaycanın bu ölkədəki səfiri Ağalar Atamoğlanovla görüşündə bildirib.

Qeyd edilib ki, 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar təşkil edib. Gələcəkdə bu rəqəm 1 milyard dollara qədər artırıla bilər. Qazaxıstanın Azərbaycana yerli emal məhsullarının ixracında maraqlı olduğu vurğulanıb. Əlavə edilib ki, bunlar təxminən 300 milyon dollar dəyərində 100-dən çox qeyri-əmtəə mallarıdır.

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi aşağıdır:

“Qazaxıstandan Azərbaycana əsasən taxıl, neft məhsulları, enerji sektoruna adi məhsullar idxal edilir. Hər iki ölkə ticarəti artırmaq istəyə bilər, bunun üçün potensial da var.

Azərbaycan və Qazaxıstan dünya bazarlarında əsasən eyni məhsullarla təmsil olunur. Heç biri yüksək sənayeləşmiş ölkələr deyil. Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına ixrac edilməsi təmin edilə bilər ki, bu da hər iki ölkə üçün faydalı olacaq. Məlumdur ki, Qazaxıstanın Rusiya ilə münasibətləri bir o qədər də yaxşı deyil, lakin bütün neftini Avropaya bu ölkə vasitəsilə nəql etməli olur. Diversifikasiya baxımından əlaqələrin inkişafı Qazaxıtanın xeyrinə ola bilər. Azərbaycan da bundan tranzit gəlirləri əldə etmiş olacaq. Qazaxıstanda metallurgiya sənayesi inkişaf edir. Növbəti fəaliyyət istiqaməti bu ola bilər. Ölkələr ticarət imkanlarını genişləndirmək istəyirsə, sahibkarların görüşləri təşkil olunmalı, portlarda onların mallarının rahat hərəkəti üçün güzəştlər tətbiq edilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova