Lerikdə paytaxt sakinində "Kalaşnikov" avtomatı aşkarlanıb.
Demokrat.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb. Əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xüsusən də bölgələrdə ov tüfəngi ilə qətllərin törədildiyiniz şahidi oluruq. Bir neçə gün əvvəl Corat qəsəbəsində şəxsin qisas məqsədilə evə daxil olub bir ailənin iki üzvünü öldürməsi, dörd nəfəri yaralaması isə mülki silahdan istifadə məsələsini gündəmə gətirir.
Hüquqşünas Mehman Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, ov tüfənglərinin satışı ilə bağlı xüsusi tələblər var:
“Ov tüfəngi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinə sənədlərini təqdim edir. Nazirlik sənədləri araşdırır, yalnız bundan sonra şəxsə ovçuluqla məşğul olmağa icazə verilir. Ovçuluqla məşğul olmağa icazəsi olan şəxslərə ov tüfəngi satıla bilər. Bu hər kəsə aid deyil.
Silah satışına məhdudiyyət qoyulmasını düzgün hesab etmirəm. Şəxsin psixoloji vəziyyəti əvvəlcədən yoxlanılır. Ov tüfənginə və ya digər silaha sahib şəxs ildə bir dəfə psixoloji testdən keçirilə bilər. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilə bilər. Qanunda silahın müsadirəsi xüsusi hal kimi nəzərdə tutulub. Şəxsin psixoloji vəziyyətinə görə silahdan istifadəsinə müvəqqəti qadağa qoyula bilər”.
Törə Zeynallı Demokrat.az


