Siyasət Özəl

Politoloq: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin Azərbaycan dövlətinə tabe olmaqdan başqa yolu qalmayıb”

Politoloq: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin Azərbaycan dövlətinə tabe olmaqdan başqa yolu qalmayıb”

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyindən bildirilib ki, Komitənin Xankəndidə yerləşən ofisi bağlanmayıb.

Demokrat.az xəbər verir ki, təşkilatın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, qurumun Xankəndində yerləşən ofisi Bakıya bağlı olub:

“Xankəndidə yerləşən ofis hazırda da işləyir. Həmin ofis heç vaxt Ermənistana bağlı olmayıb. Hər zaman regionda olan ofislər bizimlə əlaqədə olub. Hazırda da ofisimiz bağlanmayıb və Qarabağda işləyir".

Məsələ ilə əlaqədar politoloq Amid Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, BQXK-nin Xankəndidəki fəaliyyəti diqqətdə saxlanılır:

“Ötən dövr ərzində təşkilatın Azərbaycana qarşı ikiüzlü siyasəti yaddan çıxmayıb. Hələ I Qarabağ müharibəsində əsir düşmüş vətəndaşlarımız haqqında məlumatların təqdim edilməməsi, minalı ərazilərin qalması və xəritələrin bizə verilməməsi, II Qarabağ müharibəsində ermənilərin kəşfiyyat məlumatları ilə təmin edilməsi, əraziyə qanunsuz malların gizli şəkildə keçirilməsi və nəhayət ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesində yaranan problemlər birbaşa bu təşkilatın adı ilə bağlıdır”.

A.Əliyev qeyd edib ki, çox da uzaq olmayan tarixdə humanitar yüklərin Ağdam yolunda gözləməsi, eləcə də saxta humanitar fəlakət böhranı da bu təşkilatın birtərəfli apardığı siyasətin bariz nümunəsidir:

“Hazırda Xankəndidə fəaliyyət göstərən təşkilatın ofisinin Azərbaycan dövlətinə tabe olmaqdan başqa yolu qalmayıb. Əks halda, Bakı ofisi lazım olan tədbirləri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır.

Hesab edirəm ki, seçimi olmayan təşkilatın yerli ofisi ya bu təkliflə razılaşacaq, ya da ki, fəaliyyətinə son qoyub, ərazini tərk edəcək. Ən azından Azərbaycan dövləti bu təşkilatın qaranlıq keçmişi ilə bağlı detalları diplomatik nəzakət xatirinə gizli saxlasa da real olaraq israrlı addımların atılmasından geri çəkilməyəcək”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az