Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün məhkəmə qarşısına çaxarılıb.
Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.
Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur. Prokuror ittiham aktını oxuyur.
Qeyd edək ki, ittihamı Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov və dövlət ittihamı idarəsini prokuroru Cövdət Mehrəliyev müdafiə edir. Təqsirləndirilən şəxsin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edir.
Təqsirləndirilən Vaqif Xaçaturyan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilində tərcümə edir.
Zərərçəkmiş Xocalı rayon icra hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var. Hazırda proses davam edir.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Fariz Məlikli Demokrat.az











