Gündəm Özəl

“Rusiya erməni sakinlərin Qarabağa qayıdışında maraqlıdır” — Politoloq

“Rusiya erməni sakinlərin Qarabağa qayıdışında maraqlıdır” — Politoloq

Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

Demokrat.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, prezidentlər Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin öz torpaqlarına mümkün qayıdışını təmin etmək kontekstində imkanları müzakirə edəcəklər.

“Gündəlikdə beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Qarabağ ermənilərinin Azərbaycanın hüquq sahəsinə sülh yolu ilə inteqrasiyası da durur. Rusiya sülhməramlı kontingenti buna şərait yaratmağa hazırdır. Sülhməramlı kontingentimizdən gələcək istifadənin mümkün variantları nəzərdən keçiriləcək”, deyə Uşakov qeyd edib.

Prezident köməkçisinin açıqlamalarını Demokrat.az-a şərh edən politoloq Tural Əliyevin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərə alsaq, o, sülhməramlı adı altında hələ də bölgədə varlığını davam etdirmək istəyir:

“2025-ci ildən sonrakı mərhələdə sülhməramlıların Qarabağ ərazisində qalıb-qalmaması məsələsi yalnız Azərbaycanla müzakirə olunacaq. Ermənistan artıq tərəf deyil. İndidən hadisələri qabaqlamaq çətindir. Gələn il Rusiyada seçkilər olacaq. Yaxın Şərqdə baş verən hadisələr, Ukraynada gedən müharibə Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək”.

Siyasi şərhçi deyib ki, Rusiya erməni sakinlərin Qarabağda qalmasında maraqlıdır:

“Rusiya erməni sakinlərin Qarabağa qayıdışında maraqlıdır” — Politoloq

“Orada ermənilər yaşamasa, sülhməramlıların fəaliyyətinə da gərək qalmayacaq. Hələ 2020-ci ildə bölgəni tərk etmiş erməni sakinlərin yenidən qayıdışını Rusiya özü təşkil etmişdi. Rusiya tərəfindən verilən açıqlamalarda hələ də Qarabağ münaqişənin bitmədiyi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmadığı vurğulanır. Bundan təsir vasitəsi kimi istifadə edir”.

T.Əliyev prezidentlərin görüşündə müzakirə olunacaq digər məsələlərə də toxunub:

“Regional kommunikasiyaların açılması müzakirə ediləcək. Qarşıdakı vaxtlarda Rusiyanın Ermənistana təzyiqi artacaq. Ermənistandan dəhlizin açılması tələb edilir. Rusiya bildirir ki, dəhliz işləməlidir və regionda kommunikasiya xətlərinin konsepsiyası bunun əsasında hazırlanmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova