Gəncə şəhərində 1999-cu il təvəllüdlü Amil qeyri-rəsmi münasibətdə yaşadığı Fazilənin azyaşlı oğlu Sadiqə (adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Amil 2021-ci ilin dekabrından 2022-ci ilin fevralına qədər olan müddət ərzində qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşadığı Fazilənin evində onun oğlu, 2014-cü il təvəllüdlü Sadiqlə bir yerdə olan vaxt ona qarşı iyrənc hərəkətlər edib.
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Sadiqin atası Səmədi 2022-ci ilin mart ayından tanıyıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səməd 2021-ci ilin dekabr ayından onun qeyri-rəsmi evləndiyi Fazilənin əvvəlki əri olub:
“Səməd ilk günlərdən mənim Fazilə ilə münasibətlərimi qısqanıb. Buna görə də müxtəlif vasitələrlə məni şərləməyə cəhd edib. Barəmdə dəfələrlə müxtəlif instansiyalara şikayət edib. Lakin şikayət öz təsdiqini tapmayıb. Zərərçəkmiş Sadiqi öz övladım kimi sevirəm. Özüm qanunpərəst bir vətəndaşam. Birinci nikahımdan övladlarım var, gələcəyin əsgərlərini yetişdirirəm. Mümkün deyildir ki, yetkinlik yaşına çatmayan oğlan uşağına münasibətdə bu formada əxlaqsızlıq hərəkətlər edim. Mənə qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmirəm”.
İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, hazırda atası Səmədlə birlikdə yaşayır, atası ona yaxşı baxır, həmişə onu gəzdirir, ona istədiyi yeməkləri alır: “Məhkəmə məni anamdan alaraq atama verdi. Buna görə sevinirəm. Əvvəllər anam ilə birlikdə yaşamışam. Anam ilə birlikdə yaşayan vaxt yaşadığımız evə kişilər gətirib. Anam həmin kişilərə “aşkım” deyib. Həmin kişilərdən Asim, Elcan, Elçin, Amil, Vüsal, Fərid və Vaqifin adlarını bilirəm. Kişilər evimizə gələrək anamla görüşüblər, çarpayıda öpüşüblər. Mən də onların öpüşmələrini görmüşəm”.
Zərərçəkmiş qeyd edib ki, Amil də anası Fazilənin “aşkı” olub. Onun sözlərinə görə, Amil həmişə anasının yanına gəlib, evlərində qalıb, Amil anası ilə evdə çarpayıda öpüşüb. Zərərçəkmiş əlavə edib ki, anasının Amillə çarpayıda yatmaqlarını görüb, bundan başqa bir dəfə Amilin anası ilə intim əlaqədə olmasının da şahidi olub.
Sadiq deyib ki, Amil həmişə gördüklərini atasına deməməsi üçün onu döyüb, qolunun altında yanan kağızı tutub, istisini onun qoluna verib. Qeyd edib ki, atana desən səni yandıracam.
Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, Amil ilə birlikdə olduqları vaxt otaqda ona qarşı əxlaqsız hərəkətlər də etməyə məcbur edib: “Həmin vaxt anam hamamda çimib. Anam hamamdan çıxdıqda Amilin etdiklərini demişəm. Lakin anam sözlərimdən sonra əsəbləşərək məni döyüb. Amillə anamı çarpayıda öpüşdüklərini gördüyüm vaxt mənə qışqırıblar, sonra Amil məni döyüb. Əvvəl mən Amilin dediyi iyrənc hərəkətləri etmək istəməmişəm. Amma ondan qorxduğum üçün bunun etməyə məcbur olmuşam”.
İş üzrə şahid qismində ifadə verən azyaşlı zərərçəkmişin atası Səmədin sözlərinə görə, Fazilə ilə 2013-cü ildə ailə həyatı qurub: “Fazilə ilə ailə qurduqdan sonra bir müddət Gəncə şəhərində yaşadıq. Həmin müddət ərzində Fazilə və ailəsinə çox maddi yardım etdim, onlara yaxşı baxdım. Lakin sonradan 2019-cu ilin sentyabr ayında Fazilə ilə ayrıldım. Həmin vaxt məhkəmənin qərarı ilə az yaşlı oğlum Sadiq anasında qaldı. Lakin dənizdə işdə olmadığım müddətlərdə Gəncə şəhərinə gəlmişəm, Sadiqi Sumqayıt şəhərinə aparmışam. Sadiq həmin müddət ərzində Sumqayıt şəhərində yanımda qalıb”.
Səməd qeyd edib ki, Sadiq 2021-ci ildə yanına gələn vaxt ona anası Fazilənin onu evdə döydüyünü deyib: “Mən əvvəlcə Sadiqin sözlərinə əhəmiyyət vermədim. 2022-ci ilin yanvar ayında anam mənə Fazilənin anasının zəng vuraraq Sadiqin xəstələndiyini, həkimə ehtiyacı olduğunu bildirdi. Mən də bundan sonra Gəncə şəhərinə getdim və oğlumu Bakı şəhərinə gətirdim. Sadiqi Sumqayıt şəhərində müalicə etdirdikdən sonra yenidən Gəncə şəhərinə anasının yanına apardım. Sadiq Sumqayıt şəhərində yanımızda olan vaxt yenə mənə anası Fazilənin döyməsini bildirdi. Sonra Sadiqə Gəncə şəhərində psixoloq tutdum. Sadiq bir müddət Gəncə şəhərində psixoloqun yanına getdikdən sonra Fazilənin anası onun psixoloqun yanına getməyə qoymadı”.
Səməd deyib ki, 2022-ci ilin mart ayında oğlu Sadiq nənəsinin mobil telefon nömrəsi ilə ona zəng vuraraq onu yanına aparmasını istəyib: “Bundan sonra Gəncə şəhərinə getdim. Sadiqi Bakı şəhərinə yanıma gətirdim. Sadiq Bakı şəhərinə gəldikdən sonra nitqində problemlər yarandı və qorxusundan danışmadı. Bundan sonra Sadiqi Sumqayıt şəhərində psixoloqun yanına apardım. Bir neçə seansdan sonra Sadiq danışmağa başladı. Həmin vaxt Sadiq nənəsinə anası Fazilənin onu döydüyünü, Fazilənin yanına gələn Amil adlı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdi. Anam bu barədə mənə dedikdən sonra özüm Sadiqlə söhbət etdim. Sadiq olanları bildirdi. Həmçinin Sadiq Amilin onu mütəmadi olaraq döydüyünü və incitdiyini bildirdi. Bundan sonra bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etdim”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amil 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


