Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması üçün Siyahıyaalma qrupu yaradılacaq.
Demokrat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Qərarında öz əksini tapıb.
Qərarın qəbul edilməsi təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatlar əldə edilməsinə imkan yaranacaq. Həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi, o cümlədən son siyahıyaalmadan sonra ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlili, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılması və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsi mümkün olacaq.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə ölkədə kənd təsərrüfatına yararlı neçə hektar ərazinin olduğu hələ də tam bəlli deyil. O, Demokrat.az-a açıqlamasında deyib ki, uzun illərdir kənd təsərrüfatına, əkinə yararlı sahələr, suvarılan sahələr göstərilir, lakin hazırda bunun miqyası təmamilə dəyişib:
“Get-gedə torpaq sahələri azalır. Ona görə ki, ərazilərin bir hissəsində yollar çəkilib, bir hissəsində evlər tikilib, obyektlər açılıb. Torpağın dəqiq uçotu bu gün bəlli deyil. Ölkədə nə qədər iribuynuzlu, xırdabuynuzlu heyvanlar var – bunların da sayı dəqiq deyil. Texnika ilə bağlı dəqiq məlumatlar yoxdur. Beynəlxalq təşkilatlar heyvanların identifikasiyası ilə bağlı Azərbaycana 36 milyon dollar vəsait ayırmışdı. O vəsait xərcləndi, amma heç bir ciddi iş görülmədi”.
Ekspert qeyd edib ki, kənd təsərrüfatının uçota alınması mütləqdir:
“Nəyimiz olduğunu bilmədən nə edəcəyimizi müəyyənləşdirə bilmərik. Kənd təsərrüfatında mövcud olan istehsal vasitələrinin qeydiyyatı aparılacaqsa, bu, yaxşı haldır. Yox, əgər, sadəcə maliyyə ayrılacaqsa, yenə də faydası olmayacaq. Onsuz da lazım gələndə rəqəmləri şişirdirlər. Statistikaya baxsaq, görərik ki, son üç ildə istehlak olunan buğdanın həcmini azaldıb, heyvan yemi kimi təqdim ediblər. Əgər heyvan bu qədər buğda yeyibsə, niyə ət istehsalı artmayıb, niyə yumurta artmayıb?”
Törə Zeynallı Demokrat.az


