Moldova əsilli rumıniyalı politoloq Mixay İsak deyib ki, Bakıdan ermənilərə hər hansı sülh təklifi müharibənin qızışdırılmasında maraqlı olan medianın hücumuna məruz qalacaq.
Demokrat.az caliber-ə istinadən xəbər verir ki, politoloq Azərbaycana və onun müttəfiqlərinə qarşı erməni terrorizminin yeni dalğasının gələcəyini ehtimal edib:
“Ancaq ümid edək ki, bu, baş verməyəcək və Qarabağa birdəfəlik sülh gələcək”, - deyə İsak bildirib.
Ruminiyalı politoloqun fikirlərinə münasibət bildirən politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Ermənistan 30 ildən artıqdır ki, Azərbaycana qarşı terror siyasəti həyata keçirir:
“Terrorizmin müxtəlif növləri var. İndi də mina terrorizmi ilə mübarizə aparırıq. Fransa, Lüksemburq, Yunanıstan kimi bəzi Avropa ölkələri də süni şəkildə gərginliyi artırırlar. Ermənistan özü başa düşməlidir ki, bu vaxta qədər tətbiq etdiyi vəhşi üsullar ona heç bir qazanc gətirmədi. Fiaskoya uğradılar, Azərbaycan mütləq qalib, Ermənistansa mütəq məğlubdur”.
T.Abbasovun sözlərinə görə, bir çox qərbli jurnalistlər var ki, bölgə ilə bağlı xəbərlər yayımlayır, prosesləri özlərinəməxsus şəkildə şərh edirlər: “Kənar təsirlər öz yerində, amma düşünürəm ki, get-gedə gücləri azaldılmalıdır. Azərbaycan regiona hakim kəsilib, bütün proseslər ssenarimiz üzrə gedir, sülh gündəliyini biz vermişik. Bütün bunlar gələcək nəsillər üçün təminatlı şəraitin yaradılması deməkdir. Prezident İlham Əliyev Rusiya tərəfinə qəti şəkildə bildirdi ki, status məsələsi artıq gündəmdən çıxıb, gələcək nəsillərə ağır yük qoymaq istəmirik. Azərbaycanın məramı sağlamdır. Aranı qızışdıran jurnalistlər, politoloqlar olacaq, lakin məsələlərin həlli ilə Azərbaycan və Ermənistan məşğul olmalıdır. Buna hazırıq, Ermənistan da gərək bizdən nümunə götürsün”.
Törə Zeynallı Demokrat.az


