Gündəm Özəl

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təşəbbüsləri irəliyə doğru addımdır

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təşəbbüsləri irəliyə doğru addımdır

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfrans keçirildi.

Konfransda xarici ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələri, beynəlxalq siyasi ekspertləri iştirak etdi.

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində bildirdi ki, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atır.

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təşəbbüsləri irəliyə doğru addımdır

"Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var" .

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Demokrat.az-a açıqlamasında bildirib ki, I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb:

“Onlardan 872 nəfərin əsir və ya girov götürülməsi və vaxtilə işğal olunmuş ərazilərdə qalması ilə bağlı təkzib edilmiş faktlar var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Təhlükəsizlik Xidməti həmin vətəndaşların taleyinin müəyyən edilməsilə bağlı ciddi işlər görür.

İşğaldan azad edilmiş ərazilərdə indiyə kimi 10 kütləvi məzarlıq aşkar edilib. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə də kütləvi məzarlıqların olduğuna dair məlumatlar var. Təəssüf ki, hələki həmin ərazilərdə müvafiq tədqiqat işlərinin aparılması üçün imkan yoxdur”.

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təşəbbüsləri irəliyə doğru addımdır

Ekspert qeyd edib ki, itkin düşmüş şəxslərin taleyi məsələsi BMT-nin də diqqətindədir:

“30 Avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü elan edilib. Hərbi münaqişə və müharibələrdən başqa digər səbəblərdən də itkin düşmüş şəxslər var. Müharibə səbəbilə itkin düşmüş şəxslərə görə işğalçı tərəf məsuliyyət daşıyır. O, humanitar hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan dəfələrlə bu barədə Ermənistan tərəfinə müraciət etməsinə baxmayaraq, Brüssel, Vaşinqton, Moskva görüşlərində bu məsələyə toxunulsa da qarşı tərəf əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları verməkdən hələ də boyun qaçırır. Həmin insanların ailələri yaxınlarının taleyi, həyatda olmasalar belə basdırıldıqları yerlər barədə məlumat almaq hüququna malikdir.

BMT Təhlükəsizlik Şurasında bu məsələ qaldırılmayıb, İnsan Hüquqları Şurasının məruzəçiləri belə bir dəfə olsun bu barədə məruzə etməyiblər”.

Ə.Nuriyev deyib ki, Azərbaycanın bu məsələ ilə bağlı təşəbbüsləri irəliyə doğru addımdır:

“Azərbaycan Prezidenti keçirilən konfransda BMT sistemində bununla bağlı xüsusi mexanizm yaradılmasının vacibliyinə toxundu. Bundan əvvəlki BMT sessiyasında da bu məsələ qaldırılmışdı, bir neçə dəfə qətnamə qəbul edilmişdi. Lakin bu qətnamələr daha çox deklarativ yanaşmadan ibarət olub. BMT bu məsələdə konkret məsuliyyət müəyyənləşdirməlidir. Hesab edirəm ki, BMT-də öhədəlik yaradacaq təsisatlara ehtiyac var. Prezidentin irəli sürdüyü təklif həm də digər səbəblərdən itkin düşmüş şəxslərin məsələsini gündəmə gətirəcək. BMT üzvləri sadəcə iclaslar keçirməməli, real addımlar atmalı, məsuliyyətlərini dərk etməlidirlər. Dünyanın aparıcı ölkələrində hər il minlərlə şəxs itkin düşür.

Bu dövlətlər niyə məsuliyyət daşımamalıdır?! Başqa dövlətin ərazisini işğal etmiş hərbi-siyasi rəhbərliklər də beynəlxalq mexanizmlərin qarşısında qanunsuz əməllərdən çəkinəcək. BMT qlobal güclərin əlində alətə çevrilməməlidir. Bütün dövlətlərin maraqlarını, suverenliyini və insanların hüquqlarını qoruyan mexanizmlər ortaya qoymalıdır”.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı isə sayta açıqlamasında vurğulayıb ki, itkin düşmüş şəxslər haqqında beynəlxalq standartların təşviqi, beynəlxalq hüquqa əsaslanan və onların tapılması üçün lazımi addımların atılmasına xidmət etməsi baxımından konfrans əlamətdardır:

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı təşəbbüsləri irəliyə doğru addımdır
“I Qarabağ müharibəsində mülki insanlar itkin düşüb, yaxınlarının, ailələrinin onlar haqqında məlumat almaq hüququ var. Hesab edirəm ki, Prezidentin bu təklifi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyətinin üzərinə düşənsə odur ki, bu barədə beynəlxalq təşkilatlara müraciətlər, təkliflər yollansın. Mexanizmlər yaradılmalıdır ki, insanlar ən azından itkin düşmüş yaxınları barədə məlumat ala bilsinlər. Beynəlxalq mexanizmlərin yaradılması və tətbiqi çox vacibdir. İnsan hüquqularının müdafiəsindən irəli gələn bu kimi mühüm məsələlərdə əməli addımların atılması zəruridir. Əks halda sadəcə müzakirələrlə problemin həllinə nail olmaq mümkün deyil”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova