ABŞ - Ermənistan birgə təlimləri artıq start götürüb. Sentyabrın 20-dək davam edəcək "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçiriləcək.
Politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ hərbi komponentinin Cənubi Qafqaza daxil olması bölgədəki gərginliyi artıracaq:
“ABŞ eskalasiyanın davam etməsində maraqlı olan Ermənistanın vasitəsilə buraya yol açır. O, bölgəyə təsadüfən gəlmir. İrəvanda böyük kontingentdə Amerika səfirliyi fəaliyyət göstərir. ABŞ-ın bölgədə maraqlarının olduğu məlumdur. Ermənistansa çalışır ki, Rusiyanın yedəyindən düşüb, Amerikanın yedəyində otursun”.
Siyasi şərhçinin sözlərinə görə ABŞ həm də Azərbaycanın tərəfdaşıdır, amma elə vəziyyət yarana bilər ki, Azərbaycan Ermənistanın Qərbpərəst siyasətinin qarşısını ala bilər:
“ABŞ və Qərbin bölgədə mövcud olması Rusiya və İranı narahat edir. ABŞ-ın dünyada 800-dən artıq hərbi bazası mövcuddur, Okeaniyadan tutmuş, Avropaya qədər. Bir tək Xəzər dənizi və Cənubi Qafqaz bölgəsi qalmışdı, bunu da reallaşdırırlar.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl İran prezidenti Rəisi Paşinyanla telefonla danışanda ona güclü tərzdə söz hücumu etdi. Dedi ki, 3+3 formatından kənar qüvvələri buraya gətirmə. Paşinyana başa saldı ki, səhv yoldasan, bölgədə gərginlik artacaq. ABŞ sülhlə gəlmir, əksinə dağıdıcı potensialla gəlir.
Nəzərə alsaq ki, Amerikanın dünya çapında yeni dəhlizlər, logistik xətlər planı var, bundan elə istifadə etmək istəyir ki, Rusiya və Çini kənarda qoysun. Orta Dəhlizin önündə təhlükə yaranıb. Amerika rəsmən deyir ki, Orta Dəhlizə müxafildir. ABŞ-ın gəlişi Ermənistanı çıxmaq şərtilə qalan 5 ölkə - Azərbaycan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarını təhlükə altına salır”.
Törə Zeynallı Demokrat.az


