Sumqayıt şəhərində 1954-cü il təvəllüdlü Balacay ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı oğlu Zaminə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi ərazisində baş verib.
Balacay yaşadığı evdə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı oğlunun başının arxa nahiyyəsindən fincanla vuraraq, ona xəsarət yetirib.
Hadisəni törədən Balacayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Balacay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü təxminən saat 19.00-da yaşadığı evin yaxınlığında yerləşən kafedə spirtli içki qəbul edib, təxminən saat 20.00-da evə gəlib: “Təxminən saat 21.00-da Zamin evə gəldi. Mən saat 22.00-da qonaq otağında oturaraq televizora baxan zaman Zamin yanıma gələrək mübahisə etməyə başladı. Mübahisə zamanı Zamin məni təhqir etdiyi üçün əsəbiləşdim. Əlimdə olan fincanla Zaminin başının arxasından bir zərbə vurdum. Zamin başının arxasından xəsarət aldı və barəmdə polisə şikayət etdi”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Balacayın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


