Tikdiyi ayaqqabılar hələ də qalır, özü də lap təzə.
"Əlləri qızıl usta" adını elə-belə qazanmamışdı ki...
Çəkməçi idi. Özü də dövrünün ən "bərk gedən"lərindən. Daha kimlərə ayaqqabı tikməmişdi?! Dövrünün nüfuzlu hökumət nümayəndələrindən tutmuş, məşhur incəsənət adamlarına qədər çoxları ayaqqabılarını ona tikdirirdi. Həyətin aşağı küncündəki balaca darısqal otağında ömrünün ahıl çağlarında hələ də çəkic vurmağa davam edirdi. Eynəyini taxıb diqqətlə əlindəki ayaqqabı altlıqlarını, dəriləri nəzərdən keçirərdi. "Nəyinə lazımdı e bu köhnə dərilər, ayaqqabı tikənsən təzdən?! Bəsdi də, dincəl" deməyimizə məhəl qoymazdı heç vaxt. Səhər, günorta, axşam - fərq etməz, otaqdan çəkic səsi kəsilməzdi...
Daha o səs yoxdu, babam da yoxdu. Nə əvvəlki həyət, nə də otaq... Amma ayaqqabılar hələ də sanki gözü yolda, geyinilməyi gözləyir...
Bir dəfə ayaqqabımı təmir üçün ustaya apardım. Dedi ki, uyğun rəng yoxdu əlində. Danışığından, görkəmindən çoxdanın sənətkarı olduğunu hiss etdim. Dedim, babam da çəkməçi idi - Əli kişi. Axı adını demək kifayət edirdi, onu tanımayan var idi ki?! Dedi, "həə, Əli kişi - işinin əhli idi, o vaxt onun kimi usta az tapılardı".
İkimizin arasında xüsusi bağ vardı. Məni çox istəyirdi. Uşaq vaxtı ilk dəfə teatra babam aparmışdı məni - Kukla teatrına, hələ məktəbə getmirdim. Zooparka da ilk dəfə onunla getmişdim. ADA universitetinin ərazisində o vaxt meşə tipli böyük park var idi, içində də uşaq qatarı, o qatara mindirdiyini xatırlayıram. Tez-tez "çudo peçka"ya aparırdı bacımla məni, "peraşki" yeməyə, yanında da içməyə həmişə kakao sifariş verirdi. Bir dəfə isti yaz havası idi, yenə gəzintidən qayıdırdıq. Sahildə "çudo peçka"ya girdik, yenə sevimli ikilisini sifariş verdi. İsti havada isti kakao... Birtəhər içib, qurtardıq. Yarımçıq saxlaya bilməzdik, baba acıqlanardı ki, qabağınızda yemək saxlamayın.
Onu həm sevirdik, həm çəkinirdik. O qədər sevimli idi ki... Yaşlı vaxtı nə qədər sevimli və "şirin" idisə, cavan vaxtı da bir o qədər yaraşıqlı kişi olmuşdu. Heyranlıqla baxırdıq cavanlıq şəkillərinə. Böyük qara üzlü foto albomu vardı, içindəki hər şəklin bir tarixçəsi. Hər dəfə alboma baxanda həvəslə şəkillərin canlandırdığı xatirələrdən danışar, təkrar etməkdən yorulmazdı. Təhkiyə üslubu da bir ayrı maraqlı idi.
Zəhmli siması, gur səsi görkəminə əzəmət qatırdı. Bəzən sadəcə baxışları danışırdı. Son vaxtlar mübahisə etməyə başlamışdıq, bəzən kiçik "dava"larımız da olurdu. Amma tez də barışırdıq. Özünəməxsus tərzdə yuxarıdan adımı səsləyib, çağırmağı ilə hər şey unudulurdu.
Uşaq vaxtı deyirdim ki, babam həm çəkməçidir, həm şair, həm rəssam, hamıdan yaxşı çəkir. Yalan demirdim. Gözəl rəssamlıq qabiliyyəti vardı. Xüsusən də qadın şəkilləri çəkirdi, başlarında çalma. Uşaq ağlımla düşünürdüm ki, qədimdə qadınlar belə görünüblər. Hələ qəhrəmanlarına ad da qoyurdu. Mənə də öyrədirdi rəsm çəkməyi. Çalışırdım ki, mənim qızlarım da onun çəkdikləri kimi gözəl olsun...
Ən çox Nizamini sevirdi, "Xəmsə" əsərləri həmişə stolunun üstündə olardı. Təkrar-təkrar oxuyurdu, qəzəlləri əzbər bilirdi. Özü də Nizami üslubunda yazırdı. Hər dəfə yeni şeir yazanda uca səslə bizə oxuyurdu. O vaxt gülməyimiz gəlirdi, anlamırdıq. Əlləri çəkic vurmaqdan qabar-qabar olan insanın ruhu necə də incə ola bilərmiş. Sonralar dərk etdim.
O qədər çox bilirdi ki... Baxmayaraq ki, ali təhsilli deyildi. Tarix, ədəbiyyat, kino - az qala hər sahədən məlumatlı, hər mövzuda müzakirə apara bilən adam idi. Bizə də deyirdi ki, həmişə oxuyun, öyrənin, oxumağın yaşı yoxdur. Şəxsi kitabxanasında ensiklopediyalar, bir-birindən maraqlı müxtəlif mövzulu kitablar vardı. Deyirdi ki, bunların hamısını oxumalısız. Səlis nitqə sahib idi. Rus dilini də ana dili kimi bilirdi, amma bir kəlmə də rusca söz işlətməzdi danışığında, bizdən eşidəndə də acıqlanardı. Bir dəfə də eşitmədim ki, "mətbəx"ə "kuxna" desin.
Qara buxara papaq taxardı həmişə. Yayın istisində də onsuz bayıra çıxmazdı. Başında papaq, uzaqdan da tanıyırdın ki, gələn odur. Deyəsən, şəhərdə buxara papaq taxan bir tək babam idi...
Bizə çox şey öyrətdi, çox şey aşılamaq istədi. Bilmirəm istədiyi hər şeyi öyrətməyə, deməyə ömrü yetdimi, amma bir onu bilirəm ki, həyatımda olduğu 26 ildə ağlım kəsən vaxtdan nəfəs aldığı son günə kimi sahib olduğum xoşbəxtliyin qədrini tam mənasıyla bilmədim, fərqinə varmadım. Bəzən bəzi şeyləri gec anlayırıq, başa düşəndə isə vaxt keçmiş olur.
Yenə stol arxasında qarşımızda çay ondan danışırıq. Və mən babamı hər söhbətdə yenidən kəşf edir, yenidən tanıyıram. Mənə elə gəlir ki, ömrüm boyu da onu "öyrənməy"ə davam edəcəm və bu dərs mənə gözyaşı qarışıq kədərli bir sevinc bəxş edəcək...














Törə Zeynallı Demokrat.az


