Sosial Özəl

Dərs bölgüsündə sertifikasiya nəticələri nəzərə alınacaq? — Ekspert cavablandırdı

Dərs bölgüsündə sertifikasiya nəticələri nəzərə alınacaq? — Ekspert cavablandırdı

Yeni tədris ilindən dərs saatlarının hansı meyarlara əsasən bölünəcəyinə dair müəllimlər arasında fikir ayrılığı yaşanır. Bəziləri sertifikasiya, digərləri isə diaqnostik qiymətləndirmə balına uyğun bölgü aparılacağını iddia edir.

Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Elşən Ramizoğlu bildirib ki, dərs saatlarının sertifikasiya ballarına görə bölünməsi haqqında hansısa təlimat və ya məktub yoxdur.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlının sözlərinə görə, müəllimləri peşə fəaliyyətlərinin sonuna qədər eyni meyarlarla fərqləndirmək düzgün deyil.

“Diaqnostik qiymətləndirmə ilk dəfə 2014-cü ildə keçirilib. Hazırda 2023-cü ildir, arada 9 il fərq var. Razılaşmaq lazımdır ki, elm, texnologiya və metodoloji yanaşma sürətlə dəyişir. Buna görə də 9 il əvvəl bilik və bacarıqları yoxlanılmış müəllimi peşə müddəti bitənə qədər eyni meyarlarla fərqləndirmək düzgün deyil”.

Ekspertin fikrincə, dərs bölgüsündə artıq sertifikasiya nəticələri nəzərə alınmalıdır.

Dərs bölgüsündə sertifikasiya nəticələri nəzərə alınacaq? — Ekspert cavablandırdı
“Elm və Təhsil naziri çıxışında qeyd etmişdi ki, sertifikasiya imtahanında yüksək nəticə göstərənlər məktəbdə metodbirləşmə işlərinə cəlb olunacaqlar. Onlar metodbirləşmə rəhbərləri ola bilərlər, çünki məktəblərdə metodiki vəziyyət qənaətbəxş deyil. Məktəblərdə bu işi inkişaf etdirmək, müəllimlərin metodiki bacarıqlarını artıırmaq üçün sertifikasiya tətbiq olundu.

Düşünürəm ki, sertifikasiya nəticələri qala-qala diaqnostik qiymətləndirməyə əsasən dərs bölgüsü aparmaq yanlış olar. Nəzərə almaq lazımdır ki, MİQ imtahanı ilə işə qəbul olan müəllimlər diaqnostik qiymətləndirmədən keçməyiblər”.

Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları"na əsasən, təhsil müəssisələrinin rəhbərləri tərəfindən pedaqoji heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova