NATO və Ukrayna Qara dəniz regionundakı vəziyyəti müzakirə edib.
Kiyevdə baş tutan Ukrayna – NATO Şurasının iclasında Qara dəniz regionunda müşahidə və kəşfiyyatı gücləndirmək barədə qərar verilib.
Bildirilib ki, Rusiya Qara dəniz bölgəsindəki gərgin və təhlükəli vəziyyətə görə tam məsuliyyət daşıyır.
O, dünyanı ərzaq təhlükəsilə hədələməkdən əl çəkməlidir. Rusiyanın hərəkətləri Qara dəniz regionunun sabitliyi üçün risklər törədir.
O da qeyd edilib ki, NATO dəniz patrul təyyarələri və pilotsuz təyyarələr vasitəsilə Qara dəniz regionunda müşahidə və kəşfiyyat işlərini gücləndirəcək.
NATO-nun Qara dənizdə nəzarəti gücləndirməsi Rusiya tərəfdən bölgəyə olan riskləri azaldacaqmı?
Politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya düşdüyü çıxılmaz vəziyyəti nə iləsə əvəzləmək istəyir. Ona görə də Ukraynanın Qara dənizə çıxışını bağlamaq niyyətindədir:
“Azov dənizinə çıxışını tamamilə bağlayıb, oranı işğal edib. Qara dənizdə Ukraynanın yeganə olaraq Odessa limanı qalıb. Rusiya buranı da ələ keçirmək istəyir. Qara dənizin digər sahilində Avropa İttifaqına daxil olan Ruminiya, Bolqarıstan var, Ruminiya özü NATO üzvüdür.
Görünən odur ki, ABŞ da, Avropa da çalışır ki, Rusiyanı durdursunlar. Ərdoğan da gördü ki, Rusiya həyasızlıq edir, ona görə də onu yerində oturtmaqçün hərəkət keçdi. Həm dedi ki, rus sülhməramlıların fəaliyyəti 2025-ci ildə sona çatacaq, həm də bildirdi ki, Ukraynanın NATO-ya üzv olmaq hüququ var”.
Finlandiyanın artıq NATO üzvü olduğunu, Alyans qüvvələrinin gəlib Peterburqun 35 km-də yerləşəcəyini, İsveçin də təşkilata üzvlüyünün gündəmdə olduğunu nəzərə çatdıran politoloq əlavə edib ki, bütün bunlar Rusiyanın maraqlarına ziddir:
“O, indi bilmir, hansı addımı atsın, əvəzinə Qara dənizə çıxmaq istəyir. Rusiyanın Qara dənizdə etdikləri bədii dillə desək, onu qara günlərə salacaq. Rusiya dünyanın ən dərin dənizlərindən birində boğula bilər. O, beynəlxalq sularda Ukraynaya qarşı addımlar atır. Taxıl koridorunu da bağladı. Atdığı addımlar nə siyasi məntiqə sığır, nə də dünyanın hazırkı vəziyyətilə uzlaşır”.
Törə Zeynallı Demokrat.az


