Media Özəl

“İfadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının həyata keçirilməsi əsas şərtdir”

“İfadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının həyata keçirilməsi əsas şərtdir”

Hər kəs öz fikrini azad ifadə etmək hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat almaq və yaymaq azadlığı daxildir.

Bu cümlələr Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində öz əksini tapıb.

Düşüncələrini ifadə etmək, fikirlərini azad dilə gətirmək bəşər övladının ən təbii ehtiyaclarından biridir. Hələ sivilizasiyaların, mədəniyyətlərin formalaşmadığı çağlarda belə ən qədim insanlar istəklərini, düşüncələrini daşlara, qayalara həkk edirdi. Bu həm də onların həyat tərzlərini, məşğuliyyətlərini özündə əks etdirən ifadə forması idi.

İctimai formasiyalar bir-birini əvəz etdikcə insanlar kəşf etməyə, yaratmağa başladı. Qədim Çində kağız istehsalı, ardınca əlyazmaların, kitabların yaranması insanlığın fikir tarixində, elmin inkişafında müstəsna rol oynadı.

“İfadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının həyata keçirilməsi əsas şərtdir”

Fikir və söz azadlığı müasir dövrdə sivil və inkişaf etmiş cəmiyyətlərin simvoludur. Bu, demokratik dəyərlərin yaşadılmasının, insan hüquq və azadlıqlarının təminatının göstəricisidir. Fikir və söz azadlığı həm də digər hüquqların qorunmasına təminatdır. Bu anlayışların var olduğu, tanındığı cəmiyyətlərdə insanlar digər hüquqlarından da daha çox istifadə edə bilir, yüksək həyat standartları, sosial rifah içində yaşayırlar.

İctimai etiraz və nümayişlər, müxtəlif nəşrlər, məqalələr, kitablar, televiziya, radio yayımı, sənət əsərləri, internet və sosial media insanların tələblərini, təklif və şikayətlərini, həmçinin, fikir və düşüncələrini ifadə etmək üçün mövcud vasitələrdir.

Beynəlxalq prinsiplər ifadə azadlığını dəstəkləsə də bu hüquq eyni zamanda məsuliyyətli davranışı və başqalarının hüquqlarına hörmət etməyi də ehtiva edir. Azad ifadə edilən fikir və söz dövlətin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və ya ictimai asayişə təhdiddirsə, həmçinin ölkədə iğtişaş və çevriliş ehtimalı varsa, bu hüquq aidiyyəti qurumlar tərəfindən məhdudlaşdırıla bilər. Cinayətin qarşısını almaq, insanların sağlamlığını, əxlaq normalarını qorumaq, digər insanların hüquqlarını müdafiə etmək, onların nüfuzlarına xələl gətirəcək addımların önünü kəsmək məqsədilə də bu hüququn həyata keçirilməsinə məhdudiyyət qoyula bilər. İrqi, milli, dini zəmində ədavət yaradan, ayrıseçkiliyə təkan verən, tolerantlığa zidd olan fikir və ifadələr səsləndirmək, yaymaq və bununla digərlərinə təsir etmək də fikir və söz azadlığını arxa plana atan əsaslardır.

Jurnalist Rizvan Fikrətoğlunun sözlərinə görə, cəmiyyətdə ifadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının mövcudluğu və onun həyata keçirilməsi əsas şərtlərdəndir.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində fikir və söz azadlığına geniş yer ayrılıb.

“Konstitusiyamızın 50-ci maddəsində hər kəsin fikir və söz azadlığının olması, eləcə də heç kəsin öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməməsi öz əksini tapıb. Həmçinin Konstitusiyamızın “Məlumat azadlığı” maddəsində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı təsbit olunub. Bu kontekstdən yanaşdıqda, Konstitusiya kütləvi informasiyanın azadlığına təminat verməklə yanaşı, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan edir. “Media haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlarda və digər normativ aktlarda fikir və söz azadlığının yüksək səviyyədə qorunduğunun şahidi oluruq”.

“İfadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının həyata keçirilməsi əsas şərtdir”

R.Fikrətoğlunun fikrincə, azad mətbuat senzura buxovları, məhdudiyyətlər çərçivəsində inkişaf edə bilməz.

“İkinci məsələ, qeyd etdiyim kimi, mövcud qanunvericilik bazasının həyata keçirilməsidir. Məsələn, biz 1990-cı illərin, eləcə də XXI əsrin əvvələrindəki mətbuata nəzər salsaq, bu gün inkişafın müsbət çalarlarını görərik. Təəssüf ki, bir sıra məmurların mətbuata təsirlərini də görə bilirik. Burada jurnalist həmkərlarımızın da məsuliyyətsizliyi var. Qorxu, təsirə düşmə meyilləri mətbuatımıza az da olsa, yansıya bilir.

Düşünürəm ki, jurnalistlər də, məmurlar da bu məqamda ölkə Prezidenti İlham Əliyevdən örnək götürməlidirlər. İlham Əliyev dəfələrlə məmurlara tapşırıq verib ki, jurnalist sorğularına cavab versinlər, jurnalistlərin peşə fəaliyyətlərinə təsir göstərməsinlər”.

Jurnalist hesab edir ki, yerli mediada irəliləyiş çoxdur, inkişaf tendensiyası zamanın tələblərinə uyğun yeni forma alacaq.

“Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşada keçirilən Qlobal Media Forumunda ölkədə baş verən hadisələrlə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrəndiyini bildirdi. Bu, azad medianın açdığı imkanlardandır.

Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura kimi qurumlar da azad mətbuatın inkişafına təkan məqsədilə yaradılıb. Yeri gəlmişkən, fürsətdən istifadə edib, jurnalist həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzu edirəm”.

Media eksperti, professor Qulu Məhərrəmlinin fikrincə isə, son illər, xüsusən pandemiya dövründə və ondan sonra baş verən iqtisadi, sosial çətinliklər səbəbilə baş verən etirazlar fonunda bəzi Avropa ölkələrində insanların ifadə azadlığına basqılar oldu. Bu isə insan haqlarının pozulmasıdır.

“Çin, İran, Türkmənistan, Şimali Koreya kimi avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə insanların söz, fikir azadlığı tapdanır, media daim təzyiq altında olur, jurnalistlər təhdid edilir, öldürülür. Demokratik, inkişaf etmiş ölkələrdə də mediaya təzyiqlər baş verir. Lakin demokratik dəyərlərin, hüququn qorunduğu Qərbdə hakimiyyət ifadə azadlığının qarşısını ala bilmir, müstəqil media ayaqdadır. Beynəlxalq hesabatlara, mətbuat azadlığı indeksinə nəzər yetirsək, dünya ölkələrindəki vəziyyətlə tanış ola bilərik.

“İfadə azadlığının təmin olunması üçün qanunvericilik bazasının həyata keçirilməsi əsas şərtdir”
Bəşər durduqca, demokratiya var olduqca, hüquqi dəyərlər yayıldıqca fikir, söz, mətbuat azadlığı da öz sözünü deyəcək. Çünki bu, insanın ən təbii haqqı və ehtiyacıdır. Bir cəmiyyətin özünü dərk etməsi, irəliləməsi, inkişafı üçün media müstəqil, söz azad olmalıdır”.

P.S. Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “fikir və söz azadlığı, plüralizmin inkişaf etdirilməsi” mövzusunda yayımlanır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova