Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Esmiraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 17-də Buzovna qəsəbəsində baş verib.
Taleh yaşadıqları fərdi evdə arvadı Esmira ilə aralarında ailə münaqişəsi zəminində mübahisə baş verib.
Mübahisə zamanı Taleh arvadının bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, təxminən 11 ildir Esmira ilə evlidir və birgə nikahdan iki azyaşlı övladları var:
“Mütəmadi olaraq ailə daxilində aramızda münaqişə olur. Hadisə günü, saat 14.30-da yaşadığımız Buzovna qəsəbəsində evdə olan zaman Esmira ilə yenidən aramızda münaqişə yarandı. Esmira mənə cavab qaytardığı və səsini ucaltdığı üçün bundan əsəbiləşdim. Həmin vaxt özümü idarə edə bilmədəyim üçün onun sifət nahiyəsindən bir dəfə şillə ilə vurdum. Sonra evi tərk edərək işlərimin arxasınca getdim”.
İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, Taleh mütəmadi olaraq ailə daxilində yersiz münaqişələr yaradır, spirtli içkilər qəbul edir və gecələr evə gəlmir:
“Bunun səbəbini soruşduqda isə məni söyərək təhqir edir. Hadisə günü günorta saatlarında yaşadığımız evdə yenə münaqişəmiz baş verdi. Həmin vaxt Taleh qəsdən şillə və yumruqla bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Aramızda baş verən münaqişə fasilələrlə təxminən 1 saat davam etdi. Hadisə baş verən zaman yanımızda heç kim olmayıb”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Taleh 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ünvanı axşam saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


