Bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ömrünün böyük hissəsini limanda çalışaraq peşəkarlığı, nizam-intizamı ilə seçilən, vəzifələrinə məsuliyyətlə yanaşan sabiq və indiki əməkdaşlara əmək veteranı vəsiqələrinin verilməsi mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Əmək veteranı” adı verilmiş şəxsləri təbrik edib, onlara uğurlar və can sağlığı arzu edərək bildirib ki, əməkdar limançılarımız limanda 40-50 ilə yaxın çalışaraq həyatının ən məhsuldar illərini limana sərf ediblər. Bu baxımdan onlar fədakarlıq nümunəsi hesab olunurlar.
Baş direktor bildirib ki, “Sevindirici haldır ki, bu gün biz Ələt qəsəbəsində yerləşən yeni limanda görüşürük. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən, ölkənin nəqliyyat qovşağına çevrilən liman artıq regional və qlobal səviyyədə tanınır, müasir idarəetmə üsulları və texnologiyaları ilə işləyir. Bütün bunlar bu gün limanda işləyən həmkarlarımızın fəaliyyətinə müsbət təsir göstərir, ölkə iqtisadiyyatına ciddi töhfə verir.”
48 il limanda çalışmış Mircavan Cabbarov qeyd edib ki, “Mən yarım əsrə yaxandır ki, Bakı Limanında çalışmışam və gənc illərimi limanda keçirmişəm. Limanımızın hazırkı inkişafı məni çox sevindirir və inanıram ki, gələcəkdə limanımız bütün dünyada seçilən limanlardan biri olacaq. ”
Mükafatlandırma mərasimindən sonra veteran əməkdaşlar üçün yeni Bakı Limanının ərazisində tur təşkil olunub, onlar burada iş fəaliyyəti üçün yaradılan şəraitlə tanış olublar, bir zaman birgə çalışdıqları həmkarları ilə görüşüblər.









