"Kamal Kılıçdaroğlu Azərbaycanın ərazi bütövlüyü məsələsində son dərəcə həssasdır".
Bu sözləri Demokrat.az-a müsahibəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan seçilmiş deputatı Murat Emir deyib.
Murat Emirin Demokrat.az-a geniş müsahibəsini təqdim edirik:
— Murat bəy, sizcə prezident seçkilərində Kamal Kılıçdaroğlunun məğlub olmasının əsas səbəbləri nə idi?
— Bu seçkilərdə istədiyimiz nəticələri ala bilməməyimizin bir çox səbəbi var. Amma biz partiya dövlətinə qarşı yarışdıq. İqtidarın bütün dövlət imkanlarından maksimum istifadə etdiyi bir dönəm yaşandı. Xüsusilə hüquq yolu ilə bizim seçki təşviqat kampaniyası aparmağımız məhdudlaşdırıldı. Demək olar ki, dövlət büdcəsindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki təşviqat kampaniyası aparması üçün istifadə olunurdu. Dolayısı ilə böyük bir qeyri-bərabərlik mövcud idi.
Həmçinin, özlərinin də etiraf etdiyi kimi, yalan, yanlış, montaj görüntülər və çox böyük media gücündən istifadə edərək seçkilərdə xalqın fikrini manipulyasiya etməyə çalışdılar. Hətta, buna böyük ölçüdə nail də oldular.
— Seçkidən sonra CHP-də dəyişiklik istəyənlərin sayı durmadan artmaqdadır. Bir müddətdir CHP lideri Kamal Kılıçdaroğlunun istefası tələb olunur. Bəs siz CHP-də baş verən son prosesləri necə dəyərləndirirsiniz?
— Partiya daxilində sədrlə bağlı mübahisələrin olduğunu görürük. Amma həm partiyanın idarə heyəti, həm millət vəkilləri, həm də seçicilərimiz bu dəyişiklik müzakirələrinin sadəcə bir nəfərdən, yəni partiya sədri üzərindən aparılmasını doğru və yetərli hesab etmir. Həqiqətən də dəyişiklik prosesinə ehtiyacımız var. Amma bunu son dərəcə geniş və bütöv bir şəkildə ələ almağa məcburuq.
— Son məlumatlara görə, gələn il keçiriləcək bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd göstərilməyəcəyi iddia olunur. Həqiqətən belə bir ehtimal varmı?
— Əkrəm İmamoğlu ilə bağlı müxtəlif variantlar danışılır. Fərqli variantlar gündəmə gələ bilər. Son nöqtədə öz qərarı olacaq. Amma nəticə etibarilə, bir qurultay keçirəcək. Bizə düşən bu qurultayın demokratik bir şəkildə keçirilməsidir.
Həmçinin, partiyamızın oradan böyüyərək və bələdiyyə seçkilərinə daşıyacaq güclü heyətləri formalaşdıraraq çıxmasına nail olmalıyıq. Bunu da bacaracağımıza inanırıq.

— Azərbaycan xalqı CHP-nin Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsi ilə bağlı mövqeyinin Ədalət və İnkişaf Partiyasından (AKP) fərqli olduğunu düşünür. Seçki ərəfəsində də Kamal Kılıçdaroğlunun və digər partiya nümayəndələrinizin bəzi mesajları ölkəmizdə ciddi etirazlara səbəb olmuşdu. Ümumiyyətlə, CHP-nin bu məsələlərdə dəqiq mövqeyi necədir?
— Əvvəlcə açıq şəkildə deyim ki, Azərbaycan bizim dost və qardaş ölkəmizdir. Biz "tək millət, iki dövlət" sözündən də böyük qürur duyuruq. Dolayısı ilə də tək millət gördüyümüz üçün Azərbaycanın yaşadığı hər bir problem bizim problemimiz, azərbaycanlı qardaşlarımızın hər damla qanı bizim qanımız qədər dəyərli və mübarəkdir. Biz xarici siyasətdə sonuna qədər Cümhuriyyət Xalq Partiyası olaraq Azərbaycanın və azərbaycanlı bacı-qardaşlarımızın yanındayıq.
Azərbaycanlı dostlarımızın və qardaşlarımızın Cümhuriyyət Xalq Partiyasını dəyərləndirərkən Kamal Kılıçdaroğlu və partiya olaraq mövqeyimizə diqqət etməsi daha yerində olar. Biz əzəldən bəri Azərbaycanın Qarabağdakı haqq mübarizəsində də sonuna qədər yanında olmuşuq və əlbəttə ki, olmağa da davam edəcəyik.
—Amma seçki ərəfəsində Kamal Kılıçdaroğlunun məlum xəritə videosunda Azərbaycana yer verməməsi həm ölkəmizdə, həm də Türkiyədə çox sərt təpki çəkmişdi...
— Bilirsiniz, bu tip nümunələr üzərindən Kamal Kılıçdaroğlunun və CHP-nin mövqeyini dəyərləndirmək son dərəcə yanlış olardı.
Ümumiyyətlə, mən o qənaətdə deyiləm. Çünki o video hansı şərtlər altında çəkilib və o xəritə ora necə gəlib çıxıb, dəqiq bilinmir. Amma hər kəs dəqiq bilməlidir ki, Kamal Kılıçdaroğlu Azərbaycanın ərazi bütövlüyünü məsələsində son dərəcə həssasdır. Üstəlik, o, bununla bağlı qərarlı mövqeyimizi hər platformada açıq şəkildə ifadə edib. Bu mövzuda ən kiçik bir tərəddüdün belə olmamağı lazımdır.
— Hazırda Bolu Böyük Şəhər Bələdiyyəsinin sədri Tanju Özcan da Kamal Kılıçdaroğluya qarşı çıxaraq, Ankaraya doğru "ədalət yürüşü"nə başlayıb. Buna münasibətiniz necədir?
— Ümumiyyətlə, qurultayın demokratik şəkildə keçirilməsi bizim üçün son dərəcə vacibdir. Dolayısı ilə Tanju Özcanın belə bir yürüş etməsini demokratik haqqından istifadə kimi dəyərləndiririk. CHP-də belə mübahisələr ola bilər, amma önəmli olan bu proseslərdən böyüyərək və partiya daxili demokratiyanı gücləndirərək çıxmaqdır.
Elmir Kamal Demokrat.az


