Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Adil Nadirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 28-də rayonun Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən “Eşqin” adlı kafenin yaxınlığında baş verib.
Adil küçədə Nadirlə mübahisə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sifət nahiyəsindən yumruqla vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, noyabrın 28-də Maştağa qəsəbəsində olarkən təsadüfən Aydan adlı qadınla tanış olub:
“Aydan ilə bir qədər söhbət etdikdən sonra birlikdə Buzovna qəsəbəsində yerləşən “Eşqin” kafesinə istirahət etmək üçün getməyi qərarlaşdırdıq. Bundan sonra biz təxminən saat 22 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Eşqin” kafesinə getdik. Aydana pivə, özümə isə meyvə şirəsi sifariş verdim. Bizimlə üzbəüz masada sonradan adını bildiyim Nadir adlı şəxs əyləşmişdi. Nadir mütəmadi olaraq Aydana baxdı. Hətta Aydan oynayarkən Nadir də onunla oynadı. Bu mənim xoşuma gəlmədiyi üçün Nadirə əsəbi halda baxdım. Həmin vaxt Nadirlə aramızda sözlə mübahisə yarandı. Lakin orada olan şəxslər bizi sakitləşdirdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt aralarında sözlə mübahisə yaransa da, birbirlərinə xasarət yetirməyiblər:
“Bir qədər keçmiş Nadir kafedən çölə çıxdı. Kafenin qarşısından məni küçəyə çağırdı. Küçəyə Nadirin yanına getdim. Bir qədər kafedən kənarda olduqda Nadir mənə qızın kim olduğunu, nə üçün əsəbləşdiyimi kinayə ilə soruşdu. Nadirin söhbəti xoşuma gəlmədiyi üçün onun sifət nahiyəsindən bir yumruq zərbəsi vurdum. Həmin vaxt ora gələn tanmadığım şəxs bizi sakitləşdirdi və ayırdı. Daha sonra Nadir getdi”.
İş üzrə zərərçəkmiş Nadirin sözlərinə görə, noyabrın 28-də, təxminən saat 22 radələrində Buzovna qəsəbəsində yerləşən “Eşqin” kafesində istirahət edərək pivə içib:
“Orada yerləşən masalardan birində əyləşdim, pivə sifariş verərək içdim. Kafedə canlı musiqi olduğundan masadan qalxdım və oynamağa başladım. Həmin vaxt tanımadığım bir nəfər qadında mənimlə oynamağa başladı. Buna görə sonradan adını bildiyim Adil mənə yaxınlaşdı və həmin qızın onun tanışı olduğunu, həmin qızla oynamamağımı bildirdi. Buna görə aramızda sözlə mübahisə yarandı. Bir qədər keçmiş kafedən çölə çıxdım. Adili kafedən çölə çağırdım. Çöldə olan zaman Adillə aramızda yenidən sözlə mübahisə yarandı. Mübahisə zamanı Nadir qəflətən yumruqla burnumun üstündən vuraraq xəsarət yetirdi. Həmin yerə gələn tanımadığım şəxs bizi ayırdı. Bundan sonra həmin hadisə ilə bağlı həkimə müraciət etdim”.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Adil 3 il 3 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


