Kriminal Özəl

Bakıda üç ilin gəlini döyüldü

Bakıda üç ilin gəlini döyüldü

Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Kazım ailə münaqişəsi zəminində həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kazım faktiki nikah münasibətində yaşadığı Sevda ilə şəxsi narazılıqların gərginləşməsi zəminində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Kazım qəsdən yumruqla Sevdanın baş nahiyəsinə vurub.

Hadisəni törədən Kazımın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2020-ci ildə Sevda ilə ailə həyatı qurub və birgə nikahlarından 1 qız övladları var:

“İlk vaxtlarda Sevda ilə münasibətlərim yaxşı olub. Lakin son vaxtlarda Sevda məni qısqandığından aramızda sözlə mübahisələr oldu. Hadisədən bir neçə gün əvvəl Sevda ilə aramızda sözlə mübahisə baş verdi. Həmçinin işim ilə bağlı Gəncə şəhərinə getdim və orada anamgildə qalası oldum. Sevda isə mənə zəng vuraraq nə üçün anamgildə qaldığımı irad şəklində bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sevda ona zəng vuraraq evə gəlməyini bildirib:

“Həmin tarixdə təxminən saat 23 radələrində evə qayıtdım. İçəri daxil olaraq qonaq otağında əyləşmək istədim. Bu zaman Sevda mənimlə kobud danışdığından ona əsəbləşdim. Qəsdən əlim ilə onun üz və baş nahiyəsindən bir neçə dəfə zərbə ilə vuraraq onu döydüm. Sevda isə məni polisə şikayət edəcəyini bildirdi. Mən ona heç nə demədən evdən getdim”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, son vaxtlarda Kazımın ona qarşı dəyişdiyini və onunla heç bir mənada maraqlanmadığını görüb:

“Ona görə də Kazım ilə aramızda mütəmadi olaraq mübahisələrimiz baş verdi. Təxminən 4 gündən çox olar ki, Kazım ümumiyyətlə evə gəlmədi. Mən də Kazıma əsəbləşərək zəng vurdum. Ona bildirdim r ki, gəl evə danışaq, bir dəfəlik ya ayrılaq, ya da ki, birlikdə olaq. Hadisə günü təxminən saat 23 radələrində Kazım evə gəldi. Onunla normal şəkildə danışmaq istədim. Kazım mənim qarşıma müəyyən şərtlər qoydu. Mən isə onunla razılaşmadıqda qəsdən yumruqla bir neçə dəfə baş və bədənimin müxtəlif nahiyələrindən vurdu. Mənə bədən xəsarətləri yetirdi. Daha sonra ünvanıma nalayiq ifadələr işlədərək, söyüb-təhqir etdi. Sonra evdən getdi. Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq ərim Kazım tərəfindən döyülməyim barədə məlumat verdim”.

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Kazımın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova