Siyasət Özəl

Siyasi şərhçi: “Qərbin Azərbaycan-Ermənistan münasibətlərindəki yeri birmənalı deyil”

Siyasi şərhçi: “Qərbin Azərbaycan-Ermənistan münasibətlərindəki yeri birmənalı deyil”

"Hegemon qüvvələr genişlənmə siyasəti üçün qlobal məkanın siyasi və iqtisadi maraq yaradan bütün nöqtələrinə sızmağa çalışırlar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Analitik bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri qlobal maraqlarda bir-birini bağlayıb vahid yanaşma formalaşdıran iplərdən biridir.

Ona görə də, böyük oyunçular Bakı-İrəvan gündəliyindəki sülh və mümkün hərbi eskalasiya risklərinin arasında öz mövqelərini yerləşdirirlər: "Yerləşdirilən mövqe istər hərbi qarşıdurma, istərsə də sülh gündəmində öz təsirlərini göstərir.

Qərbdə şərti bölgü aparsaq, 3 cəbhə var. Birinci cəbhə ABŞ-Britaniya ikilisinin qlobal siyasətdəki vahid elementlər üzərində birləşən və ayrılan maraqlarıdır.

İkinci cəbhə Fransadır, o, həm Vaşinqton-London ikilisinə qarşı çıxış edir, həm də Avropa İttifaqının maraqlarını kənara ataraq öz ambisiyalarını üstün tutur.

Üçüncü cəbhə Avropa İttifaqının özüdür, onun regional gündəliyində genişmiqyaslı gizli gündəliyi yoxdur və Bakı-İrəvan münasibətlərinin normallaşmasında etibarlı moderator narrativləri üzrə etibar qazana bilir".

A.Kərimov qeyd edib ki, Qərbin Azərbaycan-Ermənistan münasibətlərindəki yeri birmənalı deyil:

"Azərbaycanın tərəfdaşları olan Britaniya ilə ABŞ-nin mövqeyində belə fərqlilik var. Məsələn, Britaniyadan Azərbaycana qarşı siqnallar gəlmir, lakin Vaşinqtondakı səslər ucalır, hərçənd Ağ Ev Bakı ilə strateji tərəfdaşlıq, energetika və təhlükəsizlik məsələləri üzrə maraqlarını İrəvanın ayağına vermək xəttinə getmir".

Aynurə Demokrat.az

D
demokrat.az