Bakının Səbail rayonunda 1990-cı il təvəllüdlü Cəlil qısqanclıq zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi ər-arvad münasibətində olduğu Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 26-da baş verib.
Cəlil həmin gün saat 23 özünə məxsus “VAZ 2107” markalı avtomobilin içərisində qısqanclıq səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı qeyri rəsmi ər arvad münasibətində olduğu Nazilənin bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə əli ilə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Naziləni təxminən 7-8 aydır Bakı şəhərində ortaq tanışlarının vasitəsi ilə tanıyıb:
“Hadisə günü Nazilə ilə aramızda mübahisə baş verdi. Özümə məxsus “VAZ 2107” markalı avtomobildə əsəbi olduğuma görə bədənin müxtəlif nahiyələrindən onu döydüm. Səhəri gün Nazilə barəmdə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət etməsi mənə məlum oldu”.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Cəlilin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


