Bakının Sabunçu rayonunda Quba rayon sakini, 1997-ci il təvəllüdlü Vahis şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Allahverdiyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 yanvar 2022-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində baş verib.
Orada yerləşən 28 nömrəli tam orta məktəbin qarşısında Vahis tanışı Allahverdi ilə birlikdə gördükləri təmir işinə görə sonuncunun mənzil sahibindən aldığı puldan onun payına düşən 71 manat pulu gecikdirməsi səbəbindən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Vahid üzərində olan cib bıçağı ilə Allahverdinin hər iki qol və qarın nahiyələrindən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Vahidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ev təmiri işləri ilə məşğul olur:
“Ev təmiri ilə əlaqədar iş axtaran zaman 2021-ci ilin sentyabrında Yasamal rayonu, Alatava 1-də “Qrand” yaşayış kompleksinin qarşısında Allahverdi ilə tanış oldum. Allahverdini birinci dəfə orada görərkən onun əlində ev təmiri alətləri - dekor və şpagel gördüm. Onun ev təmiri ustası olduğunu başa düşdüm. Ona yaxınlaşdım, ev təmiri ustası olduğumu və iş axtardığımı bildirdim. Allahverdi həmin yaşayış kompleksində 4 otaqlı mənzili təmir etdiyini bildirdi və birikdə işləməyi təklif etdi. Mən də təkliflə razılaşdım və birlikdə həmin mənzili təmir etməyə başladıq. Həmin evin təmirindən Allahverdi mənə 300 manat verdi, 40 manat borclu qaldı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Bərdə rayonunda məcburi köçkün kimi yaşayan valideynlərinin yanına gedib: “Təxminən 1 ay orada qaldım. Allahverdi bir neçə dəfə zəng etdi və məni Bakıya çağırdı, birlikdə işləməyi təklif etdi. 2021-ci ilin dekabr ayının əvvəllərində Bərdədən Bakıya gəldim. Allahverdinin tapdığı 28 May metrosunun yaxınlığında yerləşən mənzili birlikdə təmir etdik. Ümumiyyətlə, bütün təmir işlərinin qiymətini Allahverdi danışıb. Alahverdi ilə sonuncu işim Bakı-Sumqayıt avtomobil yolunun üzərində yerləşən “Ər-Riyad” şəhərciyində olub. Hadisədən bir ay qabaq “Ər-Riyad” şəhərciyində Allahverdi ilə birlikdə həmin mənzili təmir etdik. Allahverdi dedi ki, həmin mənzilin təmirini 980 manata danışıb. Onunla həmin mənzildə bir ay müddətində təmir işləri gördük. İkimiz işləyə-işləyə Allahverdi “Rövşən” adlı ustanı da özü ilə gətirdi və evin təmirində o da bizə kömək etdir. İşləyə-işləyə Allahverdi mənə 2 dəfə cəmi 50 manat verdi, 225 manat da borclu qaldı. Dəfələrlə Allahverdidən mənə düşən 225 manat pulu tələb etsəm də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulumu vermədi”.
Təqsirləndirilən şəxs bildirib ki, 13 yanvar 2022-ci ildə Allahverdi ilə Maştağa qəsəbəsi Savalan yaşayış massivində görüşüb və ondan pulunu tələb edib: “Allahverdi pulu olmadığını, həftənin 1-ci günü verəcəyini bildirdi. Allahverdi mənə nə qədər pul verməli olduğunu soruşdum. Ona 225 manat verməli olduğunu bildirdim. Bu zaman Alahverdi mənə hesabı düz aparmadığımı, 3 nəfər şərikli işlədiyimizi bildirdi. Mən isə Allahverdiyə “bəs dünən deyirdin ki, sizə şərik deyiləm, indi özünü şərik qoşursan?” deyə cavab verdim. Bu səbəblə aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı özümə söyüş qoydum ki, sabah pulumu verməsən, səni bıçaqla vuracam. Bundan sonra ondan ayrılaraq evə getdim”.
Vahid deyib ki, yanvarın 14-də, saat 19 radələrində Rövşənlə Savalan yaşayış massivində bir yerdə olub: “Bu zaman Allahverdi Rövşənə zəng etdi və məni 28 nömrəli məktəbin yanına çağırdı. Mən də Rövşənlə birlikdə həmin yerə gəldim. Orada Allahverdi ilə görüşdüm. Allahverdi Rövşənə 50 manat verdi. Mən “dünən özümə söyüş qoyduğumu, pulumu çatdırmazsan, bıçaqla vuracağımı” dedim. Allahverdi bildirdi ki, sənin söyüş söyməyinin mənə dəxli yoxdur. Bundan sonra cibimdə gəzdirdiyim bıçağı çıxardım və əvvəlcə onun sağ qolundan, sonra isə sol qolundan vurdum. Allahverdi mənə tərəf çevriləndə isə bıçaqla bir dəfə onun qarın nahiyyəsindən vurdum. Bıçaq zərbəsindən Allahverdi yerə yıxıldı. Sonra ayağa qalxdım, qarnını tutatuta yaxınlıqdakı dükana tərəf qaçdı. Rövşən Allahverdiyə çatdı və onu həmin dükana apardı. Mən də hadisə yerindən gəzə-gəzə yola çıxdım və tanımadığı yol maşınına minərək Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə getdim. Törətdiyim cinayət əməlini etiraf edərək həmin bıçağı polis əməkdaşlarına təqdim etdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi təbiq edilib.
Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.
Fariz Məlikli Demokrat.az


