"Ermənilərin atəşkəsi pozması, tez-tez təxribatlar törətmələri, obrazlı desək, Ermənistanın "qaşınması", əslində Rusiyanın əməlləridir. Yəni Ermənistanı idarə edən Nikol Paşinyan da, onun komandasının üzvləri də, Ermənistanda ağılı başında olan hər kəs də yaxşı anlayır ki, Azərbaycanla çilingağac oynamaq olmaz, Azərbaycanla güc dilində danışmaq olmaz. Onlar bunu çox gözəl başa düşürlər. Sadəcə olaraq, Ermənistanın ipinin ucu özünün əlində deyil".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Azər Həsrət bildirib ki, Ermənistanı bu təxribatlara sövq edən Rusiyadır:
"Həm Ermənistanın özü tərəfindən bu təxribatlar törədilir, həm də ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə törədilir.
Fikir verirsinizsə, Rusiya sülhməramlıları Qarabağda qalan ermənilərin silahlanmasına, silahlı dəstələr yaratmasına dəstək verir. Açıq şəkildə edirlər, heç bunu gizlətmirlər də. Onların təchiz edilməsi üçün Rusiya sülhməramlıları əllərindən gələn köməyi edirlər. Yəni belə olan şəraitdə əlbəttə ki, istər-istəməz diqqətimiz Rusiyanın üzərinə yönələcək. Yəni, erməniləri qaza gətirən Rusiyadır. Ona görə də, Rusiya kimi lənət imperiya çökmədikcə, nə Azərbaycanın, nə Ermənistanın, nə də digər xalqların rahatlığı olan deyil. Nəhayət ki, ermənilər bunu tam olaraq anlamalıdırlar".
Siyasi şərhçi qeyd edib ki, əgər ermənilər nəyəsə ümid edirlərsə, bu, boşunadır:
"Rusiya onlardan sadəcə olaraq ət maşını üçün xammal kimi istifadə edir, onları bizim üzərimizə göndərir. Biz də təbii ki, müdafiə olunmaq məqsədilə onları zərərsizləşdirməli oluruq. Yəni itirən ermənilər olur. Bəli, biz də şəhidlər veririk, bu, bizim üçün ağırdır, amma torpağımızı, əlbəttə, müdafiə edəcəyik, canımız, qanımız bahasına da müdafiə edəcəyik.
Düşünürəm ki, Ermənistanı idarə edənlər bu məsələni birdəfəlik anlamalı və məhz bu kontekstdə münasibətlərin normallaşmasına yanaşmalıdırlar. Üstəlik də Rəcəb Tayyib Ərdoğanın qardaş Türkiyədə növbəti mərhələ üçün Prezident seçilməsi Azərbaycanın əlini daha da qüvvətləndirir. Yəni biz zatən Türkiyəyə çox güvənirik. Türkiyə bizim üçün arxa-dayaqdır, üstəlik də onun Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın böyük dostudur. Prezident İlham Əliyevlə qardaşlıq münasibətlərindədir.
Təbii ki, onun hakimiyyətdə qalması, hakimiyyətinin davamlılığı Azərbaycanın da mövqelərinin möhkəmlənməsi deməkdir. Bu baxımdan da ermənilər gerçəklikləri diqqətə almalıdırlar. Yəni Qarabağdakı ermənilər daşı ətəklərindən töküb Azərbaycan bayrağı altına gəlməlidirlər. Gəlmək istəməyənlər üçün də yol açıqdır.
Laçın istiqamətində yeni gözəl yollar çəkmişik. Laçından keçərək Ermənistan sərhədinə doğru, yəni rahat-rahat çıxıb gedə bilərlər. Qalmaq istəyənlər də bizim konstitusiyamız və bayrağımız altında yaşaya bilərlər. Onlara da yolumuz, qapımız açıqdır. Yəni bunu nə qədər tez anlasalar, bir o qədər də tez problemlər həllini tapacaq. Onların da normal həyata dönməsi təmin ediləcək".
Şəhanə Demokrat.az


