Azərbaycanın ev sahibliyi etdiyi konfrans mina problemi ilə bağlı gündəlikdə dayanan çağırışlar və imkanları beynəlxalq aləmin diqqətinə gətirəcək
Bakının ev sahibliyi etdiyi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən “Mina təhlükəsi ilə mübarizə-dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir.
Birinicisi, 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxsin - sabiq dövlət və hökumət başçılarının, bir sıra ölkələrin parlament üzvlərinin, BMT baş ofisinin rəhbər heyətinin, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak etdiyi mötəbər tədbir ilk növbədə ölkəmizlə bağlı reallıqların dünyaya çatdırılması baxımından əvəzsiz rol oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanın məqsədyönlü siyasəti nəticəsində dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır və bu gün də ölkəmiz bundan əziyyət çəkir. İşğal dövründə Qarabağ və Şəqri Zəngəzur ərazilərində Ermənistan tərəfindən təxminən 1,5 milyondan artıq mina basdırılıb və bu dəhşətli statistika özünün ardınca böyük faciələr, kütləvi qırğınlar gətirib və gətirməkdədir. Təkcə onu vurğulayaq ki, 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra da Ermənistan öz çirkin niyyətindən əl çəkməyib və Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil etməsi faciənin miqyasını və dəhşətini bir daha göz önünə sərgiləyir. İnsani dəyərlərdən uzaq Ermənistanın keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsi mina qurbanlarının artmasına şərait yaradıb.
Bütün bu həqiqətləri, Ermənistanın bütövlükdə bəşəriyyət əleyhinə yönələn addımlarını dünyaya çatdırmaq baxımından ölkəmizdə keçirilən beynəlxalq tədbir xüsusi önəm daşıyır. Və təsadüfi deyil ki, 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının əsas məqsədləri sırasında Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadlarının beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaq öndə dayanıb. Bu baxımdan konfransın ilk gününün (25 may tarixində) Ağdamda keçirilməsi sıradan hadisə deyil. Konfrans iştirakçıları erməni vəhşiliyinin qurbanı olan Ağdama səfər çərçivəsində mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyiblər və mina qurbanlarını öz gözləri ilə görüblər. İkincisi, konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanları beynəlxalq aləmin diqqətinə gətirmək baxımından önəmlidir. Bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün əlavə fürsətlər yaradan konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, yeni ideya, təşəbbüslərin irəli sürülməsinə əvəzsiz töhfə verəcək. Bu isə bütün bəşəriyyətə verilən töhfədir.
Üçüncüsü, konfrans humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətini daha da gücləndirməyə imkan yaradacaq. Düzdür, Azərbaycan müstəqillik illərində bu sitiqamətdə böyük işlər həyata keçirib. Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu siyasət uğurla gerçəkləşdirilib, 25 il əvvəl ANAMA yaradılıb, müsair texnologiyalar alınıb və s. Atılan addımların nəticəsidir ki, ölkəmiz bu gün işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxunu daxili resursları hesabına aparır. Amma görülən tədbirlərə rəğmən xaricdən gələn dəstəyin həcmi böyük deyil. Ərazilərin minalardan təmizlənməsi işi isə hələ bitməyib. Azad olunmuş torpaqlarda ermənilərin basdırdığı minaları təmizləmək işi məskunlaşma işi ilə paralel aparılır. Minalar təmizləndikdən sonra bu münbit ərazilər ölkəmizin ümumi inkişafına böyük qatqı saxlayacaq. Bunu nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür və Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.
Azərbaycan təkcə özünün minatəmizləmə probleminin həlli ilə məşğul olmur. Qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə töhfə verən ölkəmiz dünyada münaqişələrin və mina fəsadlarının artması ilə bağlı həyacan təbili çalır. Azərbaycan humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bununla yanaşı, Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş aparır.
Bütün bu sadalananlar konfransın nə dərəcədə önəmlıi olduğunu bir daha ortaya qoyur. Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən mötəbər tədbirin nəticələrinin mina təhlükəsi ilə mübarizədə irəliyə doğru dönüş yaradacağı şübhəsizdir.
Elman Babayev Əməkdar jurnalist


