"İran və Rusiya prezidentlərinin videoformat çərçivəsində görüşündə şimal-cənub xəttinin Astara-Rəşt istiqaməti üzrə tikintilərin davam etdirilməsi ilə bağlı razılıq imzalanıb. Hesab edirəm ki, indiki gərgin beynəlxalq vəziyyət fonunda, eyni zamanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı tətbiq edilən ciddi iqtisadi sanksiyalar fonunda Hindistan və İran tərəfindən Qərb koalisiyasının iradəsinə əks olaraq Rusiyanın maraqlarına bir addımın atılması kimi qəbul edilməlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloqun sözlərinə görə, Astara-Rəşt xəttində dəmir yolunun tikintisi ilə bağlı bu addımın atılması və həm də birgə maliyyələşmə əsasında, İran və Rusiya tərəfindən birgə maliyyələşmə əsasında belə bir razılığın əldə olunub.
"Ancaq Astara-İran və Azərbaycan arasında Astara xəttinin tikintisi ilə bağlı İran tərəfindən hələ ki, real praktik addımların bu günə qədər atılmayıb. İranın Azərbaycana qarşı cənub, şimal, daha sonra şimal-cənub axını üzərində əsas həlqələrdən biri olan Azərbaycanla münasibətləri kifayət qədər gərginləşdirdiyi əsassız ittihamlarla hədə-qorxu, şantaj davranışları ilə münasibətlərin gərginləşdiyi indiki fonda şimal-cənub xəttinin gələcəyi, perspektivləri ilə bağlı məsələlər kifayət qədər sual altındadır. Çünki Azərbaycan bu axının əsas həlqələrindən birini təşkil edir və Hindistandan başlayaraq İrandan keçməklə Rusiya və şimal, Qərb, Avropa bazarları üçün nəzərdə tutulan bu axının Azərbaycan hissəsi ilə bağlı məsələlər öz əksini tapmadan, Azərbaycanla münasibətlər normallaşmadan, İranın Azərbaycana qarşı absurd ittihamları aradan götürülmədən, İranın Azərbaycana qarşı terror davranışları birmənalı şəkildə yığışdırılmadan bu layihə üzrə istənilən qərarlar ciddi effektiv nəticələr verə bilməz".
Politoloq bildirib ki, 2000-ci ildə Hindistan, İran və Rusiya arasında birgə razılaşma əsasında formalaşdırılan, ölkəmizin 2005-ci ildən qoşulduğu Şimal-Cənub axını istiqamətində proseslərin davam etməsində başlıca rollardan biri Azərbaycandır:
"Azərbaycan bu proseslərdə əsas həlledici söz sahiblərindən biridir. Azərbaycanla bağlı məsələlər kifayət qədər açıq olaraq qalır. Hesab edirəm ki, bu istiqamətdə də addımlar atılmalıdır, xüsusilə də İran tərəfindən. Bu razılaşmanı həm də Rusiyanın indiki şəraitdə düşdüyü ciddi iqtisadi blokadadan çıxma cəhdləri yayınma cəhdləri kimi də qəbul etmək olar.
Rusiya karbohidrogen ehtiyatlarının, xüsusən neftin əsas ixrac etdiyi ölkələr sırasında artıq Çin və Hindistan böyük rəqabətdədir. Avropa bazarlarını itirən Rusiyanın üz tutduğu Şərq və Cənub Şərq ölkələri bu gün Rusiya neftinin, qazının əsas alıcılarıdır. Belə bir situasiyada həmin dövlətlərin istehsal məhsullarının dünya bazarlarına, Avropa bazarlarına Şimal-Cənub axını üzərindən çatdırılması istiqamətində addımların atılması, həm də Rusiyanın, kollektiv Qərbin iqtisadi sanksiyalarından yayınma, iqtisadi sanksiyalarından qorunmaq cəhdi kimi də qiymətləndirilə bilər. Amma hesab edirəm, bu, Azərbaycanla münasibətlər, atılan addımlar ciddi praktik effektlər, nəticələr verə bilməz".
Şəhanə Demokrat.az


