Xəbər verdiyimiz kimi, bu yaxınlarda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bəs, bu görüşdə Brüssel və Vaşinqtonda irəli getməyə başlayan prosesin Moskvada yenidən dalana dirənməsi ehtimalı varmı?
Politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Moskva danışıqları pozmaqla heç bir nəticə əldə edə bilməyəcək:
"Rusiya çalışır ki, bu prosesdə öz rolunu təsbit etsin. Artıq görür ki, qatar gedib və çalışır ki, qatara minsin, o da iştirak etsin. Çünki geri qaytarmağa heç bir imkanı yoxdur".
Politoloq bildirib ki, Rusiyanın hələ də Qarabağa müəyyən təsirləri qalmaqdadır:
"Rusiya Xankəndidəki qondarma erməni hakimiyyətini və əhalini tam nəzarətdə saxlayır. Amma get-gedə onun imkanları məhdudlaşır. Artıq Azərbaycan razılaşır ki, ictimaiyyətin nəzarətində belə bir danışıqlar aparsın. Qarabağ ermənilərinin rəhbərləri bu fürsətdən imtina etmək imkanları çox məhduddur. Brüssel və Vaşinqton görüşlərinin müsbətə getməsi üçün bir ümid var. Moskva burada çalışacaq nəsə etsin, amma alınmayacaq".
Şəhanə Demokrat.az


