"Cənubi Qafqaz regionunun coğrafi və demoqrafik formalaşmasında və inkişafında rol oynamış Rusiyanın bir dövlət kimi bu regiondan hər hansı şəkildə uzaqlaşmasını fikirləşmək sadəlövhlük olar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqazda təkcə hərbi-siyasi yox, eləcə də mənəvi və mədəni köklərlə oturub:
"Bunu söküb atmaq hardasa mümkünsüzdür. Qərbin bu istiqamətdə atmağa çalışdığı addımlar əsaslı görünə bilər. Qərb bu regionda özünə dayaqlar da yarada bilər. Amma bu, Rusiya reallığını böyük ölçüdə yox etməyə bəs etməz. Paşinyanın Qərbyönlü siyasətçi kimi qələmə verilməsi onun Qərb tərəfdarı olduğu gerçəyi demək deyildir. Paşinyan nə qədər qərbpərəst kimi görünürsə, bir o qədər də Rusiyapərəstdir.
Ümumiyyətlə, Ermənistanın Rusiyanın yanında olub, özünü qərbpərəst kimi göstərməkdən başqa yolu yoxdur. Bu, onlar üçün həyati əhəmiyyət kəsb edir. Odur ki, Ermənistan rəhbərliyi hələlik vaxt qazanmaqla məşğuldur.
Hesab edirəm ki, Paşinyanın sülhə dair çağırışlarını ciddi qəbul etmək olmaz. Sülh ancaq Azərbaycanın ciddi təzyiqi ilə ola bilər. Onda da bu şəraitdə bağlanan sülhə nə dərəcədə dayanıqlı sülh demək olar, bu başqa məsələdir.
Rusiyanın Ukrayna müharibəsi ilə əlaqəli düşdüyü durum göz önündədir. Əgər Rusiya Ukrayna ilə müharibədən gözlənildiyi kimi açıq şəkildə məğlub çıxacaqsa, bu, onun Cənubi Qafqazda da mövqelərinin zəifləməsinə və itirilməsinə səbəb olacaq. Amma bu Rusiyanın regiondan tam gedəcəyi anlamına gəlmir.
Rusiya tək bu regiondan yox, bütün dünya siyasətindən o zaman gedə bilər ki, tamamilə parçalansın və kiçik dövlətlərə bölünsün".
Nəzrin Hüseynli Demokrat.az


