Sosial Özəl

Sosioloq: "Bəzi insanlar ailəvi adət-ənənəyə görə dilənçiliklə məşğul olurlar"

Sosioloq: Bəzi insanlar ailəvi adət-ənənəyə görə dilənçiliklə məşğul olurlar

Dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb. Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, ümumən yetkinlik yaşına çatmayanlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınması məqsədi ilə regionlarda açıq və qapalı tipli təlim-tərbiyə müəssisələrinin, eləcə də sosial sığınacaqların və reabilitasiya mərkəzlərinin yaradılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Məsələ ilə bağlı sosioloq-alim Əhməd Qəşəmoğlu Demokrat​​.az-a açıqlamasında bu cür tədbirlərin o dərəcədə müsbət effekti olacağını düşünmədiyini bildirib:

"Bu işləri belə yöndən görmək istəyirlər, ancaq nəticəsi o qədər də uğurlu olmur. Əgər bu uşaqlar dilənçilik edirsə, ilk növbədə bunun səbəbini aydınlaşdırmaq lazımdır. Ayrı-ayrı dilənçilərin bir neçə hissəsinin vəziyyətini öyrənmək lazımdır ki, bunlar niyə dilənçilik edir. Bu dilənçilik edənlərin bəziləri var ki, doğurdan da, ağır vəziyyəti ucbatından dilənçilik edir. Bəzi insanlar isə ailəvi adət-ənənəyə görə dilənçiliklə məşğul olurlar.

Əlbəttə ki, hansı ailələrdə ki, həddindən artıq çətin vəziyyət var, onların sosial müdafiə məsələləri gücləndirilməlidir. Kimləri ki, valideynləri məcbur edir, onlara qadağan etmək lazımdır.

Çalışmaq lazımdır ki, dilənçilik halları yığışdırılsın. Küçədə sənin qarşına çıxan dilənçinin həqiqətən də ağır vəziyyətdə olduğunu dəqiq bilmirsən. Bu məsələlərdə dilənçilərə nə təlim-tərbiyə verəcəksən? Bunu kim düşünübsə, o qədər əhatəli düşünməyib".

Şəhanə Demokrat.az

D
demokrat.az