Təbiətin qorunması, ayrı-ayrılıqda fauna və floranın, ətraf mühitin, təbii ehtiyatların, mühafizəsi hər zaman öz aktuallığını qorumaqdadır. Bu məsələ ölkəmizdə daima diqqətdə saxlanılmaqdadır. Ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi ekoloji siyasətin əsas istiqamətlərindən biridir. Ümumiyyətlə, ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələdir. Əhali sayının artımı, beləliklə də tələbatının yüksəlməsi, sərvətlərin istifadəsinin durmadan artması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, sözsüz ki, ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmasına səbəb olub.

Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və cənab Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də Milli Parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir.

Lakin may ayının əvvəllərindən başlayaraq ölkənin dağlıq rayonlarına yağan güclü dolu təbiətə, eyni zamanda ölkədə məhsuldarlığa xeyli zərər vurduğu sirr deyil. Bəzi rayonlarda məhsulla yanaşı, evlərə, maşınlara da ciddi ziyan dəyir. Dəymiş zərərin həcmi hələlik açıqlanmasa da, məlum olan odur ki, bir sıra kəndlərdə bitkiçilik demək olar ki, tamam sıradan çıxır. Qeyd edək ki, bu, artıq neçə illərdir ki, müşahidə olunan haldır. Bəs, bunun qarşısının alınması üçün hansı zəruri tədbirlər görülməlidir.
Suallımızı cavablandıran ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət CəfərovDemokrat.az-a açıqlamasında bildirib ki, hər il yağan güclü yağış və dolu məhsuldarlığa ciddi ziyan vurur. Ekspertin sözlərinə görə, bunun üçün dövlət tərəfindən mühüm tədbirlərin görülməsi zəruridir:

“Əslində dolu yağışının heç bir ekoloji ziyanı yoxdur, ancaq düşən buz parçaları bitkilərə çox zərər vurur. Əvvəllər bu buz parçalarını toplar vasitəsilə dağıdırdılar. İndi də xüsusilə yüksək dağlıq əraziləri olan ölkələrdə o toplardan çox geniş istifadə edirlər. Sovet dövründə bizdə də bu toplardan istifadə olunurdu. Bununla da, gözlənilən dolunun qarşısını alıb onu yağışa çevirməklə təbiətə daha çox fayda verirdilər. Bilirsiniz ki, dağlıq ərazilərdə bitkilər dəmyə şəraitində yetişir, odur ki, oralarda yağış suyuna daha çox ehtiyac yaranır. Həmin toplardan istifadə etməklə dolu riskinin qarşısı alınmış olurdu”.
Həmsöhbətimiz bildirdi ki, bu məsələlər dövlət səviyyəsində yenidən müzakirə olunmalıdır:

“Düşünürəm ki, bu proses yenidən bərpa olunmalıdır. Ümumiyyətlə, son vaxtlar Azərbaycana düşən dolunun həcmi böyüyür. Əvvəllər dolu az-az düşürdü, indi fikir verirsinizsə, dolu dənələri daha iridir. Bu isə daha çox ziyan deməkdir. İndi dolu yalnız birillik bitkilərə deyil, çoxillik bitkilərə, ağaclara da ziyan vurur. Təbii ki, ək bikilərə deyil, insanların mülklərinə, maşınlara, ümumiyyətlə kənd təsərrüatına ciddi zərər verir. Düzdür, dolu yağışların ekologiyaya elə də ciddi təsiri yoxdur. Ümumiyyətlə, hər il Azərbaycanda may və iyun ayının əvvəlində dolu yağır. O da atmosferlə bağlı təbii hərəkətdir. Onun qarşısının almağın yeganə yolu isə dediklərimdir. Neçə dəfə dağ yerlərində dolu yağıb və müşahidə edirik ki, bizə ziyan gətirib. Məhsullun birbaşa 15-20 faizini məhv edir. Bunun qarşısının alınmasıyla bağlı ciddi tədbirlərin görülməsi zəruridir”.
Ekoloq-alim Telman Zeynalov isə Demokrat.az-a açıqlamasında bildirib ki, dolu yağışları kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaqdadır:
“İlk olaraq qeyd edim ki böyük və sivil ölkələrdə dolu ilə mübarizə tədbirləri görülür. Əvvəllər bizdə də bu sahədə işlər görülürdü. Yəni, bulud dağıdan toplardan istifadə edirdilər. Buludları dağıdırlar, buzları çevirirdilər suya və leysan yağışı yağdırırdılar. İndi isə bu işlər görülmədiyindən bizdə tez-tez bu cür dolu yağışları müşahidə edilməkdədir. Hər halda bu toplardan yenidən bizdə istifadə edilsə ancaq udarıq”.

Onun sözlərinə görə, bununla kənd təsərrüfatına, ekologiyaya, meşə təsərrüfatına dəyən zərərin nəinki qarşısını alınar, hətta o sahələrdən gələn gəlirlər təmin edilər:

“Bunun faydası ilk növbədə dağ kəndlərinə olacaq, yəni onlar zərərə məruz qalmayacaq, istehsalı gəlirli olacaq. Hər bir halda, kənd təsərrüfatından əldə edilən gəlir daha çox olacaq. Hər il yerə düşən dolu nəticəsində kənd təsərrüfatı məhsulunun istehsalı 20 faizə qədər azalır. Əsasən də, dolu yağışları kənd təsərrüfatına, meyvəyə, ağaclarına mənfi təsir göstərir. 10 il ərzində Azərbaycana nə dolu, nə yağış yağırdı. İndi dolu və yağış yağırlarını daha tez-tez müşahidə etməkdəyik. Bu, onu göstərir ki, nəmişlik artıb. Yəni, quraqlığın qabağı kəsilir. Amma kənd təsərrüfatına isə ciddi ziyan vurur. Hesab edirəm ki, dövlət tərəfindən bunun qarşısının alınması üçün mühüm tədbirlər görülməlidir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - Ekologiya və ətraf mühitin mühafizəsi
Aynurə Pənahqızı Demokrat.az


