"Məşədi Dadaş" məscidinə yeni imam təyin edilməsi narazılıq yaradıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilməsindən sonra mərhum Hacı Şahinin tərəfdarlarını məscidi tərk etdiyi deyilir.
İlahiyyatçı hacı Atif İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə ictimaiyyətə aydın olmayan bir çox maqamlar var:
"Adı vurğulanan məscidin dini camiədə olan fəaliyyəti mərhum hacı Şahinin ətrafına toplaşan, könüllü xidmət edən inanclı insanlarla olmuşdur. Onu da qeyd edim ki, məsciddə fəaliyyəti olan əksər həvəskar və inanclı insanlar dini icmanı rəsmi şəkildə təmsil edən şəxslər deyildi.
"Dini etiqad azadlığı" haqqında qanunda dəyişikliklər edildikdən sonra istər icmanın, istərsə də din xadimlərinin təyinatı Dini Qurumlara İş Üzrə Dövlət Komitəsinə həvalə edilir. Yəni, icmaların formalaşması nəzərdə tutulan qanunla tənzimləndiyinə görə, atılacaq addımların belə nəticə verilməsi gözlənilən bir hadisə idi. Həmin icmanın könüllü fəaliyyət göstərən xidmətçiləri yeni təyin olunmuş din xadimin ətrafına toplaşıb, yenə də öz dini vəzifəsini icra edə bilərdilər.

Bir halda ki, milli-mənəvi sahədə həyata keçirilən xidmətlər qanunla deyil, təyin edilmiş imamla razılaşdırılmış sürətdə fəaliyyətin davamı mümkün idi. Aydın məsələdir ki, uzun illər mənəvi bağlantı ilə bir araya toplaşanlar üçün bu bir qədər çətindir. Amma zamanla birləşib dini vəhdəti qorumaq mümkündür.
İnsanların məsciddən küsməsi və ya imam dəyişilməsiylə bağlı dini bağlılıqların qırılması heç bir halda məqbul sayılmır. Çünki ibadət və məscid Allaha məxsusdur. Hamımızın dinə və məscidə xidmət etmək vəzifə borcumuzdur.
Ümid edirəm ki, adı çəkilən məscidin xidmətçiləri yenə də bir araya gəlib orada öz xidmətlərini davam etdirəcəklər. Gözəl ruhanimizin də ruhunun şad olması ilə nəticələnər".
AĞ Partiyanın sədri Tural Abbaslı isə Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ qətiyyən dövlət və inanclı insanların qarşıdurması fonunda olmamalıdır.

Onun sözlərinə görə, din və vicdan azadlığı məsələlərində dövlət və vətəndaş qarşı-qarşıya gəlməməlidir:
"Burada hər iki tərəf konsensus yolunu seçməlidir, ümumi razılıqla vahid bir fikrə gəlinməlidir. Burada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təkbaşına qərar verməyi doğru olmaz. Nə də ki, "Məşədi Dadaş" icmasının camaatının dövlətinin hansısa qurununun qərarlarına tabe olmaması uyğun olar. Ən doğru yol odur ki, burada sahə üzrə cavabdeh qurumlar, eyni zamanda həmin icmanın nümayəndələri bir araya gəlsinlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Məşədi Dadaş" məscidinin icmasının nümayəndələri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, o cümlədən deputat Ceyhun Məmmədov da yığışa bilər. Birgə konsensus halında ora ümumi bir rəhbər təyin oluna bilər".
Nəzrin Hüseynli Demokrat.az


