Bu ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamı olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da hazırlıq prosesinə başlayıb.
Tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir insanın əfv hüququ var.
Onun sözlərinə görə, hər bir insana bu hüquq şamil oluna bilər:
"Sadəcə olaraq, bu, Prezidentin iradəsi ilədir. Cinayəti törədən insanın peşmançılığı, çəkdiyi iztirablar və s. Əfv Komissiyasına daxil olan ərizələrdə nəzərə alınır. Əgər Əjdər Olun da bu müraciəti olubsa, baxılıbsa, buna müsbət rəy verilibsə, son söz yenə də Prezidentindir. Bu gün heç bir komissiyasının üzvü bununla bağlı dəqiq nə isə deyə bilməz. Bu qədər dözmüşük, bir-iki gün də gözləyək. İnşallah, Əjdər Olun və digər şəxslərin əfvi ilə bağlı xoş xəbərlər eşidərik. Hamımız bunu gözləyirik".

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Nəzrin Hüseynli Demokrat.az


