Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “Soyuq müharibə” dövrünün başa çatması ilə Yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb.
Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" nəşrlərinin təsisçisi Elçin Şıxlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə media sahəsində müəyyən problemlər mövcuddur:
"Əlbəttə ki, ilk növbədə onların üzərində işləmək lazımdır. Bundan başqa, informasiya ilə işləməyi bacarmaq lazımdır.
Düşünürəm ki, bir çox hallarda jurnalistikanı informasiya müharibəsinə qurban veririk".
Elçin Şıxlı xarici mətbuatla bağlı da fikirlərini bölüşüb:
"Düşünürəm ki, xarici mətbuatı tam da ideallaşdırmaq olmaz. Hər halda xarici mətbuat deyəndə Qərb mətbuatını nəzərdə tuturam. Onlar bizdən xeyli irəlidədirlər, ancaq jurnalistika prinsiplərinə riayət edirlər. Təbii ki, onlarda da nadir hallarda olsa da, qeyri-obyektivlik və subyektiv məqamlar mövcuddur.
Əlbəttə, bizə qarşı olan məqamları nəzərdə tuturam. Azərbaycanda gedən proseslər, xüsusən də, Qarabağdakı prosesləri bir çox hallarda qeyri- adekvat qiymətləndirirlər. Onun da səbəbi ondan ibarətdir ki, vaxtilə biz bütün xarici informasiya agentliklərini, digər media strukturlarını Azərbaycandan iyrəndirib qaçırtmışıq, onlara qadağa qoymuşuq. Nə bilim, o, olar və ya bu, olmaz. Onlar da bizi öz baxışlarından qeyri-adekvat və informasiyadan, həqiqətdən qorxan bir toplum kimi qəbul ediblər. Ona görə də, bu gün Qərb mediası əksər hallarda ermənilərə inanır, bizim dediyimiz həqiqətlərə isə şübhə ilə yanaşırlar. Bu gün bizim medianın əsas problemi bundan ibarətdir".
Şəhanə Demokrat.az


