Gündəm Özəl

Hüquq müdafiəçisi: "İnanıram ki, Əjdər Olun adı əfv siyahısına düşəcək"

Hüquq müdafiəçisi: İnanıram ki, Əjdər Olun adı əfv siyahısına düşəcək

"Ötən gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirildi. Ayın sonunda əfv siyahısının Prezidentə təqdim olunması gözlənilir. Qeyd edim ki, indiyədək keçirilən iclaslarda 1000-dən çox müraciətə baxılıb. Ancaq biz dəqiq bilmirik ki, həmin siyahıya kimlərin adı düşəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, gələn ay mərhum Prezident Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamında yüzlərlə insanın azadlığa buraxılması gözlənilir:

"Təbii ki, bizim monitorinq qrupu ancaq siyasi məhbuslarla məşğuldur: jurnalistlərdir, blogerlərdir, partiyaların ictimai fəallarıdır. Onların adını biz öz siyahımıza yazmışıq. Bundan başqa, bu il ömürlük həbs cəzasına məhkum olunmuş insanlar da azadlığa buraxılacaq.

İstisna deyil ki, əfv olunacaq şəxslər arasında jurnalistlər, blogerlər, şairlər, yazıçılar da olacaq. Əlbəttə ki, biz günahını başa düşmüş hər bir kəsin azad olunmasını istəyirik, o cümlədən də Əjdər Olun.

İnanıram ki, Əjdər Olun da adı əfv siyahısına düşəcək. Yenə də son söz cənab Prezidentindir. Mən hüquq müdafiəçisi olaraq hər bir kəsin azadlığına qovuşmasına arzulayıram".

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Şəhanə Tağızadə Demokrat.az

D
demokrat.az