"Son vaxtlar media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabını, ağır durumlarını əks etdirən foto və video görüntülərin paylaşırlar. Jurnalistikanın etik qaydalarına görə, bu cür həssas fotoların, videoların, xüsusən də balacaların görüntülərini vermək düzgün deyil. İstənilən jurnalistika məktəbində, jurnalistika kursunda, xüsusən də, jurnalistika fakültələrində ilk növbədə bunu öyrədirlər. Əgər bizim jurnalistlərin, bloggerlərin bundan xəbəri yoxdursa, deməli vəziyyət faciəlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" nəşrlərinin təsisçisi Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, bu cür materialların mediada dərc edilməsi jurnalistikanın bütün prinsip və qaydalarına ziddir:
"Xarici mediada hansısa bir yol-nəqliyyat hadisəsi baş verəndə belə, günahkar qalsın bir yana, hətta qıraqda duran insanların belə üzlərini örtürlər. Çünki burada insanların şəxsi həyatı məsələsi var. İnsanların, uşaqların ağlamasını və digər davranışlarını o formada yaymaq düzgün deyil. Təbii ki, bu hisslər insanların ürək ağrısıdır və acısıdır. Mediada insanların üzlərini açıq şəkildə yaymaq olmaz, xüsusən də, uşaqların. Bu, qeyri-etikdir və jurnalistikanın bütün qayda və prinsiplərini pozur".
Şəhanə Demokrat.az


