"Ermənistan hələ də Azərbaycan ərazilərinin öz torpağı olduğunu zənn edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin AK Parti İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Ermənistandan bu cür təxribatları hər zaman gözləniləndir:
"Biz Ermənistanın bu cür terrorçu siyasətinə qarşı etirazımızı sonadək nümayiş etdirəcəyik. Ermənilər bunu yaxşı bilsinlər ki, Türkiyə və Azərbaycan əlaqələri sonuna qədər qardaşlıq formasında davam edəcək. Əlbəttə ki, şəhid olan qardaşlarımızın da intiqamı alınacaq və düşmənlər bunu yaxşı bilsinlər! Çünki qəhrəman Azərbaycan Ordusu, cənab İlham Əliyev və Azərbaycan xalqı 30 il əvvəlki Azərbaycan olmadığını İkinci Qarabağ savaşında bütün dünyaya göstərdilər".
Türkiyəli deputat ermənilərin hazırda çaşqınlıq içində olduqlarını qeyd edib:
"Ermənilər Azərbaycanın sülh təklifini qəbul etmir və təxribatlar da bu səbəbdən yaradılmış bəhanələrdir. Onlar Azərbaycanın tarixi sənədlərini qəbul etmir və Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Təəssüf ki, Ermənistan burada Rusiyadan, İrandan, Fransadan, ABŞ-dan da dəstək alır. Biz bunları çox gözəl bilirik. Əgər ermənilər sülhün gəlməsini istəyirsə, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, "Sülhün yolu Zəngəzur koridorundan və Azərbaycan sərhədlərinin tanınmasından keçir!". Bunları anlamaları lazımdır!".
Ş.Ayrım sonuncu təxribatda İranın ciddi rolunun olduğunu vurğulayıb:
"İran Ermənistanla qonşu ola bilər, amma bu, o demək deyil ki, Azərbaycanla əlaqələrini pozmalıdır. Ermənistanla Azərbaycan arasında əngəllər törətməməlidir! Azərbaycanın önünü kəsmək, Azərbaycanla sülh müqaviləsi imzalamaq və s. kimi məsələlərdə İran tərəf ola bilməz.
Məlumdur ki, Azərbaycan-Ermənistan arasında əldə olunan anlaşmanın bir maddəsi də Zəngəzur dəhlizidir. Buna Paşinyan imza atıb və geri addım ata bilməz. Paşinyan 2020-ci il 10 noyabr bəyannaməsinə riayət etməlidir! Yoxsa, bu şəkildə Ermənistana hüzur gəlməyəcək. Bölgədə qardaşlığın, dostluğun, barışın gəlməsi üçün İranın, Ermənistanın, Rusiyanın, Gürcüstanın, Türkiyənin Azərbaycanın sülh müqaviləsini dəstəkləməsi lazımdır".
Aynurə Demokrat.az


